Reza Deqati: Azərbaycanın qədim mədəniyyətini bütün dünyaya nümayiş etdirməliyik

İncəsənət, əslində, demək olar ki, hər millətin, məmləkətin köküdür. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Mədəniyyət Festivalının Bakıda keçirilməsi çox mühüm hadisədir. Bu festival çərçivəsində çox sayda xarici qonaq Azərbaycana səfər edib. Festival nümayəndələrinin hər biri öz ölkələrində bir mədəniyyət elçisidir və vətənlərinə qayıtdıqdan sonra Azərbaycan mədəniyyəti haqqında məlumatlı olacaqlar.

Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında dünyaşöhrətli fotoqraf Reza Deqati deyib.

R.Deqati qeyd edib ki, festivalda müzakirə edilən mövzular bir çox sahələr üçün mühüm əhəmiyyət kəsb edir.

"Azərbaycan dünyada öz mədəniyyəti ilə nə qədər çox tanınsa, bir o qədər yaxşıdır. Belə olduqda, dünya xalqları Azərbaycana mədəniyyət gözü ilə baxacaqlar. Azərbaycanın qədim köklərə malik mədəniyyətini bütün dünyaya nümayiş etdirməliyik", - deyə o əlavə edib.