Bu, mənim Azərbaycana ilk səfərimdir. Bakı şəhərini həm gözəlliyi, həm də mədəniyyət və incəsənət zənginliyi ilə heyranedici hesab edirəm. Eyni zamanda paytaxtınızın mükəmməl şəhərsalma və ətraf mühit planlamasını yüksək qiymətləndirirəm.
Bunu AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”də iştirak edən Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fouad Hanno deyib.
“Tədbir İslam dünyasının müxtəlif ölkələrindən olan çoxsaylı dəyərli insanları bir araya gətirir. Bu insanların hamısı dil, mədəniyyət və incəsənət sahəsində ortaq maraqlar ətrafında birləşir. Belə tədbirlər İslam ölkələri arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın inkişafı, möhkəmləndirilməsi üçün əvəzsiz bir platformadır”, - deyə misirli nazir vurğulayıb.