“Azerbaijan Fashion Week”də iştirak etmək mənim üçün böyük şərəf və xoşbəxtlikdir. Yaradıcılığımı bu platformada təqdim etmək və müxtəlif mədəniyyətlərin nümayəndələri ilə bir arada olmaq mənə xüsusi ilham bəxş edir. Təqdim etdiyim “Bozdan yaşıla” adlı kolleksiya rənglərin dili ilə bir hekayə danışan layihədir.
Bu barədə “Azerbaijan Fashion Week” çərçivəsində AZƏRTAC-ın müxbiri ilə söhbətində Mərakeş təmsilçisi, “WI Mode by Wafaa Idrissi” brendinin qurucusu və dizayneri Vafa İdrissi məlumat verib.
Onun sözlərinə görə, kolleksiyanın əsas konsepsiyası boz rəng çalarlarının simvolizə etdiyi sakitlik və hərəkətsizlikdən iki müxtəlif yaşıl tonunun təcəssüm etdirdiyi yenilənmə, enerji və ümidə keçidi ifadə edir. O, bildirib ki, hər bir obraz bu transformasiyanın müəyyən mərhələsini əks etdirir və ümumi kompozisiyada vahid bədii süjet kimi formalaşır.
“Kolleksiyada 10 obraz təqdim olunur. Parçaların seçimi, fakturaların uyğunlaşdırılması, motivlər və əl işindən istifadə böyük zövqlə tərtib edilib. Mən həm Mərakeşin ənənəvi dekorativ-tətbiqi sənət texnikalarından, həm də müxtəlif ölkələrdən gətirilmiş dekorativ detallardan istifadə edirəm. Bu, mədəniyyətlərin təbii qarşılıqlı tamamlanmasını yaradır. Məhz bu xüsusiyyət moda sənətini mədəni diplomatiya alətinə çevirir və kolleksiyanı dünyanın müxtəlif guşələrində insanlar üçün anlaşıqlı edir. Beləliklə, layihə həm ölkəmin zəngin irsini əks etdirir, həm də qlobal yaradıcılıq sintezini nümayiş etdirir”, – deyə Vafa İdrissi vurğulayıb.
Bakıdan aldığı təəssüratlardan danışan dizayner şəhərin onda çox isti hisslər oyatdığını əlavə edib: “Burada insanlar son dərəcə mehriban, diqqətli və çox peşəkardırlar. Onlarla işləmək həm asan, həm də ilhamvericidir. “Azerbaijan Fashion Week”də iştirak mənim üçün həm yaradıcılıq baxımından, həm də şəxsi iştirak təcrübəsi kimi həqiqətən dəyərli oldu”.