Dekabrın 15-nin Dünya Türk Dil Ailəsi Günü elan edilməsi türk dilinin tarixi gücünü simvolik şəkildə vurğulayan, ortaq dil xəzinəmizi qorumaq və onu gələcək nəsillərə canlı, zəngin və güclü şəkildə ötürmək əzmimizi daha da artıracaq bir qərardır. Bu, türk dövlətlərinin diplomatik uğuru olmaqla yanaşı, türk dillərinin qədim sivilizasiya irsinin universal bir dəyər kimi tanınması mənasını da daşıyır. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bu günün qeyd edilməsi isə türk ləhcələrinin ortaq bir sivilizasiyaya aid olduğunu xatırlatmaqla yanaşı, təhsil, akademik fəaliyyət və mədəni əməkdaşlıq yolu ilə Türk dünyasında dil əsaslı inteqrasiyanı təşviq etməyi hədəfləyən normativ bir maarifləndirmə olacaq. Ortaq keçmişimizin ən qədim irslərindən biri olan dilimiz yalnız bir ünsiyyət vasitəsi deyil, həm də tarixi yaddaşımızı, mədəni bütövlüyümüzü, kimlik şüurumuzu və gələcəyə dair ortaq təxəyyülümüzü daşıyan strateji bir dəyərdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, Türk dünyası üzrə mütəxəssis Mehmet Yüce ifadə edib.
Türk dilinin təkcə bir xalqın deyil, Avrasiyanın şərqindən qərbinə, şimal çöllərindən Aralıq dənizi limanlarına qədər uzanan geniş geomədəni məkanın ruhunu formalaşdırmış güclü bir sivilizasiyanı təmsil etdiyini bildirən professor deyib: “Bu gün dəyişən dünyada türk dilinin beynəlxalq sistemdə daşıdığı məna da yenidən formalaşır. Türk Dövlətləri Təşkilatının əhatəli şəkildə formalaşması, təhsil, media, mədəniyyət və texnologiya sahələrində ortaq platformaların yaranması türk dilinin təkcə tarixi bir xatirə deyil, strateji güc elementi olduğunu da göstərir. Dil birliyi yalnız mədəni deyil, diplomatik qarşılıqlı təsirdən iqtisadi inteqrasiyaya, bilik dövriyyəsindən təhlükəsizlik əməkdaşlığına qədər geniş bir sahədə beynəlxalq münasibətlərin əsas infrastrukturunu təşkil edir. Türk dünyası arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından ortaq ünsiyyət dilinin formalaşdırılması strateji əhəmiyyət daşıyır. Ortaq dil şüurunun təşkilatlanmış səviyyədə vurğulanması Türkiyə türkcəsinin faktiki ortaq ünsiyyət dili kimi mövqeyini gücləndirəcək, eyni zamanda, təhsil, akademik mübadilə, media və mədəni diplomatiya sahələrində koordinasiyanı artıracaq”.
O bildirib ki, Dünya Türk Dil Ailəsi Günü ətrafında formalaşacaq fəaliyyətlər TDT-nin təkcə siyasi-iqtisadi deyil, həm də sivilizasiya və kimlik əsaslı bir inteqrasiya layihəsi olduğu qavrayışını möhkəmləndirəcək. Bu, eyni zamanda, Türkiyənin Türk dünyasında mərkəz ölkə və asanlaşdırıcı aktor rolunu daha görünən edəcək. Uzunmüddətli perspektivdə isə bu, simvolik addım qərar qəbuletmə proseslərində ortaq anlayış dilinin inkişafına töhfə verərək Türk dünyası inteqrasiyasını gücləndirəcək.