Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan–Fransız Universitetinin (UFAZ) fiziki kimya və kimya mühəndisliyi ixtisası üzrə magistr məzunları Şəbnəm Feyziyeva və Elsun Əzizov Fransada keçirilən “Mature your PhD 2025” beynəlxalq müsabiqəsində qalib olublar. Hər iki qalib hazırda Azərbaycan Respublikasının xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində Fransanın Strasburq Universitetində doktorantura təhsili alır.
Elmi tədqiqat işi barədə AZƏRTAC-a məlumat verən Elsun Əzizov deyib: “Mənim tədqiqat işim şəhər tullantılarının enerjinin dayanıqlı şəkildə saxlanmasını təmin edən karbon materiallarına çevrilməsi mövzusuna həsr olunub. Araşdırmam Strasburq Universiteti nəzdində fəaliyyət göstərən Enerji, Ətraf Mühit və Sağlamlıq üçün Kimya və Proseslər İnstitutunun (ICPEES) laboratoriyasında, Fransanın “CNRS Alsace” Mərkəzi ilə əməkdaşlıq çərçivəsində aparılır. Müsabiqə çərçivəsində “Pepite Etena” mükafatına layiq görülmək mənim üçün böyük uğurdur və gələcəkdə tədqiqatlarımı praktik tətbiqə çevirmək məqsədimə stimul verib”.
Şəbnəm Feyziyeva dissertasiya işinin əsas məqsədi və tədqiqat mövzusu barədə danışıb: “Mənim tədqiqatım karbon qazının (CO₂) udulması və əhəmiyyətli kimyəvi maddələrə çevrilməsi məqsədilə MOF ailəsinə mənsub yeni funksional məsaməli materialların sintezi və tətbiqi mövzusunu əhatə edir. Tədqiqat Strasburq Universiteti nəzdində Enerji, Ətraf Mühit və Sağlamlıq üçün Kimya və Proseslər İnstitutu (ICPEES) və Kompleks maddələrin kimyası laboratoriyasında (CMC) aparılır. Eyni zamanda, təqdim etdiyim layihə metanolun ekoloji cəhətdən təmiz “yaşıl yanacağa” çevrilməsinə həsr olunub və alternativ yanacaq növlərinin inkişafı, eləcə də karbon izinin azaldılması baxımından mühüm innovativ potensiala malikdir”.
“Mature your PhD” proqramı “SATT Conectus” tərəfindən Fransanın Elzas bölgəsində yerləşən universitetlər və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Proqram II və III kurs doktorantlara və gənc tədqiqatçılara dissertasiya işlərində mövcud olan innovativ potensialın üzə çıxarılması və inkişaf etdirilməsini hədəfləyir. Qaliblər innovasiya mühiti ilə yaxından tanış olmaq, tədqiqat nəticələrinin praktik tətbiq imkanlarını dəyərləndirmək və startap ekosistemi haqqında ilkin təcrübə qazanmaq imkanı əldə edirlər.