BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) təşkil etdiyi PLURAL+ Gənclər Video Festivalında “Black and White” adlı animasiya filmi ilə ikiqat qalib olmaq mənim üçün böyük qürur və sevincdir. Festival çərçivəsində 12 yaşadək iştirakçılar arasında beynəlxalq münsiflərin yekdil qərarı ilə 1-ci yerə layiq görülmək və FCAT Tərəfdaş mükafatını qazanmaq zəhmətimizə verilən ən böyük dəyər oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Uşaq İncəsənət Festivalının laureatı Kövsər Qurban deyib.
Onun sözlərinə görə, bu uğur ona Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək beynəlxalq mükafatlandırma mərasimində iştirak etmək imkanı qazandırıb.
Kövsər Qurban vurğulayıb ki, o, indiyədək Beynəlxalq SAF Olimpiadasında VidX kateqoriyası üzrə dörd dəfə qalib olub. Bununla yanaşı, musiqi sahəsində də uğurları var. Belə ki, İspaniyada keçirilən beynəlxalq incəsənət festivalında fortepiano üzrə solo ifada ikiqat birinci yerə layiq görülüb, həmçinin Art Olimpia İncəsənət Müsabiqəsində fortepiano üzrə solo ifa nominasiyasında çoxsaylı mükafatlar qazanıb.
Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalında 2023-cü ildə rəsm nominasiyası üzrə ikinci yerə layiq görülməsi onun üçün unudulmaz təcrübə olub. “İncəsənətin müxtəlif sahələrində özümü sınamaq mənə böyük zövq verir. Hər uğur məni daha çox çalışmağa və yeni ideyalar yaratmağa həvəsləndirir. Həmçinin, əsərimin beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilməsi məni daha da ruhlandırdı”,- deyə o əlavə edib.