Qırğız, qazax və qaraqalpaq xalqlarında yurtanın hazırlanması ilə bağlı ənənəvi bilik və sənətkarlıq UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
AZƏRTAC Qırğızıstanın KABAR Milli İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu barədə Özbəkistan Respublikası Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva məlumat verib.
Onun sözlərinə görə, müvafiq qərar Hindistanın Dehli şəhərində keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 20-ci sessiyasında qəbul olunub.
Bu nominasiya Qırğızıstan, Qazaxıstan və Özbəkistanı birləşdirir.
Səidə Mirziyoyeva vurğulayıb ki, yurta təkcə türk xalqlarının ənənəvi yaşayış məkanı deyil, eyni zamanda, onların tarixi yaddaşını, dünyagörüşünü və mədəni kimliyini əks etdirir.
O, həmçinin qeyd edib ki, yurta daha əvvəl Özbəkistanın qeyri-maddi mədəni irs üzrə Milli Siyahısına daxil edilib, UNESCO siyahısına salınması isə bu irsi uzun illər boyu qoruyub saxlayan ustaların, tədqiqatçıların və ənənəni qoruyanların əməyinə verilən beynəlxalq qiymətin göstəricisidir.