Son iki ildə Azərbaycanda xarici şirkətlər tərəfindən iki film və iki serial çəkilib

Son iki ildə Azərbaycanda xarici şirkətlər tərəfindən iki film və iki serial çəkilib. Onların arasında Yaponiya istehsalı olan və “Netflix”də yayımlanan “Vivant” serialı xüsusilə diqqət çəkir. Həmçinin, xarici audiovizual kontent yaradan şirkətlər ölkəmizdə klip və televiziya layihələri də istehsal edirlər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinin müdiri Turan Məmmədli məlumat verib.

Onun sözlərinə görə, bu kimi layihələr Azərbaycanın dünyada tanıdılmasına xidmət edir. “Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 31 may 2025-ci il tarixli Sərəncamına müvafiq olaraq, 4 iyul 2025-ci il tarixində Nazirlər Kabineti tərəfindən “Xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiq edilib və bu qaydalara əsasən ölkəmizdə çəkilişlər üçün xərclənən vəsaitin 40 faizə qədəri geri ödənilə bilər. Bu öz növbəsində xarici istehsalçıları ölkəmizdə işləməyə daha çox təşviq edəcəkdir”, -deyə agentliyin Kino mədəniyyətinin təbliği şöbəsinin müdiri bildirib.