Bu il özəl sektorun qeyri-neft-qaz sahəsinə investisiyası 17 faiz artıb

Qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4 faiz səviyyəsindədir. 2025-ci ilin 11 ayı ərzində özəl sektor tərəfindən qeyri-neft-qaz sahəsinə investisiyalar 17 faiz artaraq 4,2 milyard manata yaxın olub.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Güc biznesdədir” devizi ilə keçirilən “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-noyabr aylarında əsas kapitala xarici mənbələrdən investisiyalar ötən ilin eyni dövrünə nisbətən 27 faiz artıb. Nazir müavini qeyd edib ki, ixrac potensialının artırılması və coğrafiyasının genişləndirilməsi qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərindəndir.

“Asiya və Avropa arasında sinerjini təmin edən Orta Dəhliz kimi irimiqyaslı layihənin reallaşması, region ölkələri, o cümlədən Mərkəzi Asiya dövlətləri ilə tərəfdaşlığın genişləndirilməsi, eləcə də son illər təsis etdiyimiz - Azərbaycan–Qırğız İnkişaf Fondu, Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti, Azərbaycan-Oman Birbaşa İnvestisya Fondu və Azərbaycan–Qazaxıstan İnvestisiya Fondu sənaye, innovasiya, yaşıl enerji və nəqliyyat sahələrində böyük təsirə malik layihələrin reallaşdırılması üçün imkanlar yaradır”, - deyə Elnur Əliyev vurğulayıb.