Lindi-hop icması ikinci ildönümünü qeyd edib

Azərbaycanda ilk lindi-hop icmasının yaradılmasının ikinci ildönümünə həsr olunmuş “Swing & Jazz Night” adlı musiqili-rəqs gecəsi yanvarın 17-də Kapellhaus Mədəniyyət Mərkəzində keçirilib.

İcma 2023-cü ildə xoreoqraf Lenay Seyidəli-zadə və pedaqoq Eylem Ulus tərəfindən təsis olunub.

AZƏRTAC xəbər verir ki, konsert proqramında Azərbaycanın Xalq artisti, tanınmış cazmen Cavan Zeynallı, həmçinin caz ifaçıları Orxan Ağayev, Leyla Noir, SEVIL və HEGGY iştirak ediblər.

Səhnəyə “IMEC” musiqi məktəbinin tələbələri, “SwingIn’Baku” lindi-hop məktəbinin rəqqasları, həmçinin “Lynx Dance Group” və “Gülüstan Dance Ensemble” kollektivləri də çıxıblar.

AZƏRTAC-ın müxbiri ilə söhbətdə Lenay Seyidəli-zadə icmanın iki il ərzində keçdiyi yoldan danışıb.

“Harada ki, hansısa işə sıfırdan başlamaq lazımdır, heç vaxt olmayıb və həmfikirlər yoxdur, bu həmişə çox çətindir... Amma insanın içində inam, sevgi, canatma və istək varsa, hər şeyin öhdəsindən gəlmək olar. Əlbəttə, iki il əvvəl Azərbaycanda svinq rəqsləri istiqamətini inkişaf etdirmək barədə düşündüyümüz zaman çoxlu sual var idi: insanlar yazılacaqlarmı, tamaşaçı üçün maraqlı olacaqmı, bu rəqs növləri necə qəbul olunacaq? Amma bu suallarla yanaşı, bu rəqslərin həqiqətən gözəl olduğu anlayışı da var idi. Onlar bütün dünyada populyardır, niyə Bakıda da olmasın! İki il ərzində əslində çox böyük iş görülüb: konsertlər, müxtəlif festivallarda iştirak, ölkənin müxtəlif təşkilatlarında və ali məktəblərində onlarla pulsuz master-klass, televiziya verilişlərində iştirak, rəqs tədbirləri. Tələbələrimiz artıq müsabiqə və çempionatlarda fəal çıxış edərək mükafatlı yerlər qazanırlar”, – deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, Azərbaycanda rəqs mədəniyyəti inkişaf etməlidir.

“Sosial rəqslərə gəldikdə, bizdə artıq salsa, baçata, Argentina tanqosu, bal rəqsləri istiqamətləri çox inkişaf edib. Lindi-hopla bağlı olan hər şey sosial rəqslərin ayrılmaz hissəsidir. Cəmiyyət üçün rəqs incəsənət növü kimi yalnız sağlamlığı möhkəmləndirmək, plastikanı yaxşılaşdırmaq, əzələləri tonusda saxlamaq deyil, həm də psixoloji vəziyyəti yaxşılaşdırmaq imkanıdır. Bu, eyni zamanda dünyagörüşünü və ünsiyyət dairəsini genişləndirmək fürsətidir. Çünki bu cür icmalar axşam saat altıdan sonra, iş günündən sonra insanların gəldiyi, sevdikləri musiqi altında rəqs etdikləri, həmfikirlərini gördükləri, tədbirlərə hazırlaşdıqları kiçik bir dünya kimidir. Hər birimizin içində nə qədər stres olduğunu nəzərə alsaq, belə fəaliyyətlə məşğul olmaq insan üçün çox faydalıdır”, – deyə o vurğulayıb.

Lenay Seyidəli-zadə bildirib ki, icma inkişaf etməyi və böyüməyi planlaşdırır.

“Ümid edirəm ki, indi artıq bizi dəstəkləyən caz icmamız, caz musiqiçilərimiz anlayacaqlar ki, musiqiçi caz kompozisiyası ifa edəndə insanların onun ifaları altında rəqs etməsi nə qədər gözəldir. Çox istərdik ki, şəhərimizdə lindi-hop festivalları keçirilsin. Böyük musiqi festivallarının proqramlarına svinq əsərləri də daxil edilsin. Bu gün tədbirimizdə gözəl musiqiçilər iştirak edirlər. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirik. Bu, çox dəyərlidir. Sayımız hələ çox azdır və hər şeyi yalnız entuziazm hesabına edirik... Amma caz musiqisinə və rəqslərə doğru sevgi ilə irəliləyirik”, – deyə icma rəhbəri əlavə edib.

Gecənin fərqləndirici xüsusiyyəti qonaqların geyimləri olub. Onlar vintaj üslubunda geyiniblər. Bu da svinq dövrü atmosferinin yenidən yaradılmasına kömək edib.

Lindi-hop 1920–1930-cu illərdə Nyu-Yorkda yaranmış afroamerikan rəqsidir. Lindi-hop caz musiqisi ilə paralel inkişaf edib və svinq rəqslərinə aiddir. O, çarlston, tep və onunla eyni dövrdə mövcud olmuş digər rəqslərin xüsusiyyətlərini özündə birləşdirərək bütöv bir istiqamətin əsasını qoyub.