Paris səhnəsində Etibar Əsədlinin yeni “WYA” albomu təqdim edilib

Pianoçu və bəstəkar Etibar Əsədli Parisin “La Petite Halle” konsert məkanında yeni "WYA" (Who you are) albomunu dinləyicilərə təqdim edib.

AZƏRTAC xəbər verir ki, təqdimat gecəsi həm musiqi, həm də ideya baxımından sənətkarın yaradıcılığında mühüm mərhələ kimi yadda qalıb.

“WYA” Etibar Əsədli üçün əlamətdar relizdir. Albomda caz improvizasiyası Yaxın Şərq ənənəvi musiqi elementləri müasir elektron teksturalarla üzvi şəkildə birləşir. Bu sintez emosional, azad və eyni zamanda bütöv bir bədii ifadə yaradır, musiqiçinin özünəməxsus müəllif dilini aydın şəkildə ortaya qoyur.

Albomun ideyası insanın daxili aləminə baxmaq, içindəki gücü, mənəviyyatı və ədaləti dərk etmək, özünükəşfə çağırış üzərində qurulub. Bu fəlsəfi yanaşma vizual olaraq göz simvolu ilə ifadə olunur və “WYA”nın konseptual xəttini tamamlayır.

Səhnədə Etibar Əsədliyə zərb alətləri ifaçısı Martin Vangermi qoşulub. Onun ritmik və çevik ifası kompozisiyaların improvizasiya xarakterini ön plana çıxararaq canlı performansın dinamikliyini və enerjisini daha da artırıb.

Təqdimat üçün “La Petite Halle” məkanının seçilməsi təsadüfi olmayıb. Məşhur Vilet parkı ərazisində yerləşən bu konsert zalı uzun illərdir caz, elektronika və dünya musiqisinin kəsişməsində olan layihələrə dəstək verməsi ilə tanınır. “WYA” albomu da məhz bu bədii və estetik müstəvidə öz yerini tapır.

Paris təqdimatı “WYA”nın sadəcə premyerası deyil, eyni zamanda Etibar Əsədlinin müasir Avropa musiqi mühitində formalaşmış davamlı və möhkəm mövqeyinin təsdiqi kimi qiymətləndirilir. Beynəlxalq caz müsabiqələrinin laureatı, nüfuzlu musiqi məktəblərinin məzunu və Avropa caz səhnəsinin fəal iştirakçısı olan sənətkar yaradıcılığında mədəni ənənələrlə müasir musiqi praktikalarını ardıcıl şəkildə bir araya gətirir. Məhz bu yanaşma onun layihələrini həm tanınan, həm də konseptual baxımdan dəqiq və seçilən edir.