Festival artıq Avropa ilə Azərbaycan arasında bir növ körpüyə çevrilib və illik mədəni mübadilə platforması kimi çıxış edir. O, Avropa ölkələrinə öz mədəniyyətlərini Azərbaycanda təqdim etmək, azərbaycanlılara isə milli adət-ənənələrini Avropa auditoriyası ilə tanış etmək imkanı verir. Festival çərçivəsində tərəflər əməkdaşlıq edir, ideyaları birləşdirir və birgə layihələr həyata keçirirlər.
Bu barədə Dadaş Məmmədov “Bağçada güllər” sərgisinin açılışı çərçivəsində AZƏRTAC-ın müxbirinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, festivalın əsas layihələrindən biri geyim sərgisidir.
“Builki festivalın mövzusu ‘Bağçada güllər’dır. Çiçəkli dizaynlar Azərbaycanda xüsusilə populyardır: onlar milli kimliyin bir hissəsidir və xalçalarda, geyimlərdə və dekorativ-tətbiqi sənətin digər növlərində geniş şəkildə təmsil olunur. Çiçəkli motivlər ənənəvi Avropa geyimlərində də mühüm yer tutur. Kostyum prizmasından Avropa ilə Azərbaycan arasında simvolik bir körpü qururuq, ornament və təsvirlərin ortaq dilinin mədəniyyətləri necə bir-birinə bağladığını və onların qarşılıqlı əlaqəsini vurğuladığını nümayiş etdiririk”, – deyə o bildirib.
Gələcək planlardan danışan Dadaş Məmmədov əlavə edib ki, festival çərçivəsində yeni “Avropaya onlayn turlar” layihəsi realizə olunacaq. Azərbaycanlı həmvətənlər virtual gəzintilər təşkil edəcək, şəhərləri, maraqlı yerləri və atmosferi canlı olaraq təqdim edəcəklər. Yayımlar Avropa İttifaqının veb-saytında izlənilə biləcək və iştirakçılar turun yaradıcısı ilə birlikdə “səyahət etməyə” imkan əldə edəcəklər.