Andrea Şröter: Azərbaycan incəsənətindəki bənzərsizlik və saflıq məni heyran edir

Sərgidə əsərlərə tamamilə heyran qaldım. Azərbaycan incəsənətindəki bu bənzərsizlik, bu saflıq məni heyran edir. Mən 1978-ci ildə tələbə olarkən bir dəfə Azərbaycanda olmuşam. Burada bəzi təsvirləri görəndə sanki o vaxt gördüklərimi yenidən xatırlayıram. Biz dağlardan keçərək səyahət edirdik və bəzi təsvirlər mənə həqiqətən də yol kənarında oturan o yaşlı kişiləri xatırladır. Çox gözəldir və rənglərin zənginliyi də çox təsirlidir.

Bu fikirləri Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun 75 illik yubileyi münasibətilə Berlində açılan “Doğma Vətənin rəngləri” adlı sərgisinin almaniyalı ziyarətçisi Andrea Şröter AZƏRTAC-a açıqlamasında deyib.

Şərq dünyasına böyük marağının olduğunu vurğulayan Şröter bildirib: “Mən avropalıyam, amma Şərqlə çox sıx bağlıyam. Uzun müddət keçmiş Sovet İttifaqında yaşamışam və bəlkə də buna görə də Şərqi Avropa incəsənətinə Almaniyada yaşayan bir insandan fərqli yanaşa bilirəm. Rəsmlər mənə təsir edir, amma bunu dəqiq necə izah edəcəyimi bilmirəm. Bu, daxili bir hiss, ürəkdən gələn duyğudur. Bilirsiniz, mən incəsənət mütəxəssisi deyiləm və bəlkə ən dəyərlisi də məhz budur - sadə bir insanın rəsmlərə baxması. Çünki o zaman insan çox vaxt hansısa incə texniki detalları axtaran bir mütəxəssisdən tamamilə fərqli nəticələrə gəlir. Həqiqətən də bu sərgi çox maraqlıdır və mən çox təsirləndim”.