Teodor Falkoner: Qoy bu mahnı Bakının məndə yaratdığı hərarətli və nurlu hissləri insanlara bəxş etsin

Xəzər dənizinin sahilində yerləşən şəhər aşıqların, şairlərin, musiqiçilərin və memarların daimi ilham mənbəyi olub və bəşər mədəniyyətinə görkəmli sənət əsərləri bəxş edib. Bu dəfə Bakı özünü təsadüfən Azərbaycan paytaxtında tapan gənc norveçli Teodor Falkonerin qəlbini fəth edib.

Şəhərin gözəlliyinə, onun sakinlərinin səxavətinə, qonaqpərvərliyinə və vətənpərvərliyinə heyran olan Teodor Azərbaycan paytaxtına “Just a Couple of Days in Baku” adlı mahnı həsr edib.

O, ixtisasca hüquqşünas, həyat tərzinə görə idmançı və həqiqətən də Bakıya vurğun olan insandır.

Teodor AZƏRTAC-ın müxbiri ilə söhbətində təəssüratlarını bölüşür, gözlənilməz səfərinin təfərrüatları və mahnı bəstələmək üçün Azərbaycan paytaxtından necə ilham alması barədə danışır.

- Tedor, Bakıya səfər etmək kortəbii qərar olub, yoxsa bu, əvvəlcədən planlaşdırılmış səfər idi?

- Adətən tətillərimi sörf məkanlarında planlaşdırıram. Lakin bu yay çiynimdəki bir problemi nəzərə almalı oldum - o, çox yaxşı vəziyyətdə deyildi. Beləliklə, əsas səyahət məkanım Tbilisi idi, orada daha uzunmüddətli tətil keçirməyi planlaşdırırdım və səfərin bu hissəsi əvvəlcədən bron edilmişdi.

Bakı daha sonra planlarıma daxil oldu. Birlikdə səyahət etdiyim və şəhərinizi mənim qədər çox sevən dostum üçün marşrutumuzda kiçik “pəncərə” açıldı. Yola düşməzdən iki həftə əvvəl səyahətimizi məhz Bakıda başa vurmağa qərar verdik. Bu şəhərin əlverişli mövqeyi, oraya asanlıqla çatmaq imkanı təbii olaraq marşrutumuza uyğun gəldi.

Beləliklə, qərarımız demək olar ki, kortəbii oldu.

Düzünü desəm, heç bir gözləntilərim yox idi. Azərbaycan haqqında çox az şey bilirdim və düşünürəm ki, bu, bir çox norveçliyə xas olan cəhətdir. Bu məkan haqqında çox oxuduğum və ya uzun müddətdir ziyarət etməyi planlaşdırdığım yer deyildi. Sadəcə, boş vaxtımız oldu və getməyə qərar verdik. Mahnıda “No plan, no list, no clue” (“Plan yoxdur, siyahı yoxdur, ipucu yoxdur”) sözləri var və vəziyyət də tam olaraq belə alındı.

- “Just a Couple of Days in Baku” mahnısının ərsəyə gəlməsinə məhz Bakı ilham verib. Şəhərdə sizi valeh edən nə idi? Bu mahnının ideyası nə vaxt yarandı?

- Əvvəlcədən bu səfərin ən yaddaqalan məqamı Bakı deyildi, bu səbəbdən də onunla bağlı heç bir gözləntilərim yox idi. Bəlkə də buna görə şəhər məndə bu qədər güclü təəssürat yaratdı.

Bunlar sadəcə quru sözlər deyil. Dünyanın hər yerinə çoxlu səyahət etmişəm və bir çox gözəl yerlər görmüşəm. Amma dürüst desəm, Bakı indiyə qədər olduğum ən yaxşı yerlərdən biridir. Şəhər sizi təkcə gözəlliyi ilə deyil, həm də orada olduğunuz zaman duyduğunuz hisslərlə valeh edir. İçərişəhərdə nahar etmək üçün oturduğumu və oradakı xüsusi ab-havanı dərhal hiss etdiyimi xatırlayıram. Lap əvvəldən insanlar ünsiyyətə açıq, mehriban və səmimi idilər.

Ən çox yadımda qalan şey səmimiyyət və qürurun birləşməsi idi. İnsanlar Azərbaycanla fəxr edirlər - və bu, açıq-aşkar hiss olunurdu. Amma bu qürur kənarlaşma hissi yaratmır - əksinə, onların niyə vətənlərini bu qədər sevdiklərini və dəyər verdiklərini anlamağıma kömək edir.

Hələ də bəzi insanların ölkələri haqqında nə qədər hərarətlə danışdığımı eşitməkdən məmnun olduqlarını dediklərini xatırlayıram. Bu təəssürat yaddaşımda uzun müddət qalacaq.

Yemək çox xoşuma gəldi və ilk gündən sözün əsl mənasında təcrübənin bir hissəsinə çevrildi. Hələ də Bakı bulvarında qaçdığımı və bu şəhərin mənə nə qədər tez yaxın olduğunu düşündüyümü xatırlayıram. Axı cəmi bir neçə gün əvvəl onun barəsində demək olar ki, heç nə bilmirdim və indi burada olmaqdan tamamilə zövq alırdım.

Amma ən maraqlısı axşam vaxtı başladı; bayıra çıxan kimi, sanki hər şey bir anda canlandı. Yerli sakinlərlə demək olar ki, dərhal tanış olduq və söhbətlər öz-özlüyündə başladı. Onlar qonaqpərvər, səmimi idilər, bu insanlarla ünsiyyət asanlıqla alınırdı. Orada bir neçə dost qazandım və çox tez bir zamanda artıq özümü sadəcə turist kimi hiss etmirdim. Hətta gözəl vaxt keçirəndə belə, bir çox şəhərdə özünü yad hiss edirsən. Bakıda bu hiss demək olar ki, dərhal yox oldu.

Yəqin ki, buna görə də bu şəhərin qəlbimdə belə xüsusi yeri var.

Mahnıda bir misra var: “Thought it’d just be time to kill, but the city had another plan” (Düşünürdüm ki, sadəcə vaxt öldürmək məqamıdır, amma şəhərin başqa bir planı var idi”). Səyahət zamanı məhz bu baş verdi.

Xüsusilə bəyəndiyim başqa bir misra var: “Didn’t ask me to stay, but didn’t let me forget it” (“Qalmağımı istəmədin, amma unutmağıma imkan vermədin”). Bu sözlər duyduğum hissi mükəmməl şəkildə əks etdirir. “Just a Couple of Days in Baku” ifadəsi özü də hər şeyi deyir. Çox qısa bir dayanacaq idi, amma yenə də Bakıdan danışıram və geri qayıtmağı səbirsizliklə gözləyirəm.

- Əvvəllər də başqa şəhərlərə mahnı həsr etmisinizmi, yoxsa bu sizin ilk təcrübənizdir?

- Bu, konkret bir məkanla bağlı mahnı yazdığım ilk təcrübəmdir. Başqa bir bəstəm də var – “Midsummer in Stockholm” (Stokholmda yay ortası”) , amma bu, Stokholm haqqında deyil, yay ortası festivalının təəssüratı barədədir. Mahnı daha çox ənənə, fəsil və müəyyən bir əhvali-ruhiyyə ilə bağlıdır. Fürsət yarandıqda, həmin “Yay ortası”nı İsveç paytaxtında keçirməyə çalışıram.

Bakı haqqında mahnı tamamilə fərqlidir. Şəhərin özü, orada tanış olduğum insanlar və həmin günlərin xatirələri ilə daha sıx bağlıdır. Bu, həqiqətən də mənimlə qalan təəssüratlardan yaranıb.

Bakı haqqında mahnını yazanda, həmçinin onunla bağlı parlaq, xoş bir hissi çatdırmaq istəyirdim. Bu, lap əvvəldən ideyanın bir hissəsi idi. Ümid edirəm ki, onu eşidən insanlar az da olsa, bu əhvali-ruhiyyəni hiss edə biləcəklər.

- İxtisasca hüquqşünassınız. Musiqi sizin üçün hobbidir, yoxsa bu sahədə karyera qurmağı ciddi şəkildə düşünürsünüz?

-Hazırda musiqi mənim üçün hobbidir. Əsas peşəkar fəaliyyətim hüquqşünaslıqdır və bu, hələ də əsas diqqət mərkəzimdədir. Amma əminəm ki, işdən kənar bir məşğuliyyəti təmin edən hobbi və maraqlar olmadan, dolğun həyat da mümkün deyil. Mənim üçün mahnı yazmaq bu məşğuliyyətlərdən birinə çevrilib.

Mənim maraq dairəm genişdir və musiqi bəstələmək sadəcə xüsusi zövq aldığım sahələrdən biridir. Hazırda “Spring” adlı yeni bir mahnı ərsəyə gətirmişəm və onunla bağlı yaxşı hisslərim var.

- Azərbaycanı potensial səyahət məkanı hesab edən norveçlilərə nəyi məsləhət görərdiniz? Sizcə, onlar Bakını niyə kəşf etməlidirlər?

- Deyərdim ki, norveçlilər, buna davam edin! Dünyada çoxlu sayda gözəl şəhər var, amma təkcə gözəllik kifayət deyil. Əsl məsələ budur ki, bir məkan sizin yaddaşınızda uzun müddət unudulmayacaq xoş təəssürat yaratsın.

Mənim üçün həmin məkan Bakıdır. Səyahət etməyi sevirəm və bir çox ölkə və şəhər görmək şansım olub. Ona görə də Bakını daha çox norveçli kəşf etməlidir deyəndə, bunu bütün səmimiyyətimlə edirəm. Məsələ təkcə şəhərin gözəl olmasında deyil, həm də orada olduğunuz zaman aldığınız xüsusi təəssüratdadır.

Bu məsələdə insanların böyük rolu oldu. Onların mehribanlığı və hörmətcil münasibəti məndə güclü təəssürat yaratdı. Səmimi qarşılandıqda və maraq göstərildikdə, özünüzü xoş qarşılanmış hiss edir və ətrafınızda daha çox şey görməyə başlayırsınız. Bakıda mənim başıma gələn də məhz budur. Bu şəhərə xüsusi xarakter verənlər azərbaycanlılardır.

Bundan əlavə, Norveçin iqlimi olduqca soyuqdur, ona görə də Bakı yalnız isti və günəşli atmosferi ilə bir çox həmvətənimi cəlb edə bilər. Daha çox günəşli hava bizim üçün bir nemətdir. Əminəm ki, yerli mətbəx də norveçlilərin zövqünə uyğun olardı. Bakıda hər şey var: səmimiyyət, atmosfer, əla yeməklər və yaddaşlarda həqiqətən iz buraxan bir şəhər mənzərəsi. Buna görə də onu başqalarına məmnuniyyətlə tövsiyə edirəm.

Qayıtdıqdan sonra dostumla birlikdə bir çox rəfiqimizə Bakını tövsiyə etdik. Səfər təəssüratlarını bölüşərək, hətta bir cütlüyü bu yay oraya getməyə razı sala bildik.

- Yenidən Bakıya səyahət etməyi planlaşdırırsınız?

- Şübhəsiz! Çox güman ki, yayın sonuna qədər yenidən Bakıya getməyi planlaşdırıram və artıq bunu səbirsizliklə gözləyirəm. Yenidən Xəzər dənizinə baş vurmaq, Günəş altında çimmək, eyni məkanlara qayıtmaq, yerli şərabdan içmək, şəhərdə tanış olduğum insanlarla görüşmək və bəlkə də bir az su idmanı ilə məşğul olmaq istəyirəm.

O qədər də səbirsizliklə gözləmədiyim tək şey Dağüstü parkda pilləkənlərlə qaçmaqdır, amma bunun öhdəsindən də birtəhər gələrəm!

Həmçinin ümid edirəm ki, bu müsahibəni oxuyanlar günlərin birində Norveçə səfər edəcəklər. Qoy bu mahnı insanlara Bakının mənə verdiyi eyni hərarətli və parlaq hissləri bəxş etsin. Mən də məhz bu hissləri mahnıda ifadə etmək istəyirdim - bir az səmimiyyət, bir az enerji və bəzən ən yaxşı anların planlaşdırmadığınız məqamlar olduğunu.