Rəhman Rəhmanov: Kukla Teatrının sorağı beynəlxalq teatr festivallarından gəlir

Teatr bizim əzəli və əbədi sevgimiz, həyat ilə əbədiyyət, reallıq ilə ruh dünyası arasında fərqli duyğularımızın açarıdır. Fikrimi belə poetik başlamağım heç də təsadüfi deyil. Artıq yaşımın və sənət təcrübəmin elə bir məqamındayam ki, hər sözümü həm özümə, həm də tamaşaçılarıma, küll halında milli teatr sənətimizə, onun ən mürəkkəb və bir növ fədailikdən keçən kukla sənətinə hesabat sayıram. Teatr Azərbaycan mədəniyyətinin ən gözəl və ən təsirli sahələrindən biridir. Sözsüz ki, Milli Teatr Günü səhnənin sehrini, sənətin gücünü və biz teatr xadimlərinin zəhmətini xatırlamaq üçün xüsusi gündür.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Rəhman Rəhmanov söyləyib.

O vurğulayıb ki, teatr yalnız səhnə və tamaşa demək deyil. “Teatr insanların düşüncələrini, hisslərini və həyatını əks etdirən canlı sənətdir. Səhnədə gördüyümüz hər bir obraz aktyorların zəhməti, rejissorların yaradıcılığı və dramaturqların dərin düşüncəsi nəticəsində yaranır. Sözsüz ki, tamaşaçılar bu sənətin ən vacib hissəsidir. Çünki teatr tamaşaçı ilə birlikdə yaşayan sənətdir. Azərbaycan teatrının zəngin ənənələri təkcə dram və komediya tamaşaları ilə məhdudlaşmır. Bu ənənələrin mühüm bir hissəsini kukla teatrı və milli kuklaçılıq sənəti təşkil edir. Kukla teatrı xüsusilə uşaqların dünyasında böyük rol oynayır. Kuklalar vasitəsilə nağıllar, əfsanələr və ibrətamiz hekayələr səhnəyə gətirilir, uşaqlara dostluq, xeyirxahlıq və dürüstlük kimi dəyərlər aşılanır.

Ömrümün böyük bir hissəsini bəxş etdiyim kukla səhnəsində onlarla obraza həyat vermişəm, müxtəlif nəsillərin qarşısında çıxış etmişəm. Zamanında tamaşaçımız olan uşaqlar indi nənə-baba, ata-ana kimi yenə tamaşa salonunda yerlərini alır və həyatın qayğılarından uzaqlaşmaq üçün məsum uşaqlıqları ilə məhz bizim səhnədə baş-başa qalırlar. Biz kuklaçıların da böyük uğuru, qazancı və səadəti bundadır”,-deyə Əməkdar artist əlavə edib.

Azərbaycan Dövlət Kukla Teatrının fəaliyyətindən söz açan R.Rəhmanov deyib: “95 illiyini qeyd edən, onillikləri quruculuq və sənət uğurları ilə geridə qoyan teatrımızın, peşəkar rəhbərliyi, zəngin repertuarı, fədakar aktyor heyəti və sənətə xidməti qürur sayan böyük kollektivi var. Bu gün teatrımızın sorağı dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq teatr festivallarından və sənət yarışlarından gəlir.

Qocaman kukla evi öz irimiqyaslı sənət tədbirlərinə ev sahibliyi edir. Kukla sənətini yaşadanlar onun tərəqqisi və inteqrasiyası üçün əllərindən gələni sevə-sevə edirlər. Beləcə, ömrü şirma arxasında keçənlərin yaratmaq eşqi heç vaxt tükənmir”.