Martın 17-də Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində konsert proqramlarımız, bir neçə universitetdə isə ustad dərsləri təşkil olunacaq. Azərbaycan musiqisi Özbəkistanda çox sevilir. Xüsusilə Azərbaycan kinofilmlərindən olan mahnılar onların dillər əzbəridir. Hətta rejissor Hüseyn Seyidzadənin 1978-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırdığı “Qaynana” bədii filminin tamaşası da Özbəkistanda səhnəyə qoyulub.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova söyləyib.
O indiyədək özbək, qazax, qırğız, türkmən və digər türkdilli xalqların mahnılarını ifa etdiyini vurğulayıb. “Bu ənənəni illər əvvəl başlatmışam və bu gün gənc ifaçılar da mənim yolumla gedərək həmin mahnıları öyrənməyə və səsləndirməyə çalışırlar. Əslində, asta danışanda özbək dilini başa düşmək çətin deyil. Xüsusilə Xarəzm vilayəti ilə dil və mədəni yaxınlıq daha çox hiss olunur. Qazax və qırğız dilləri isə bir qədər çətin qəbul olunur”,- deyə Xalq artisti əlavə edib.
Yeni layihələr üzərində daim düşündüyünü və bu istiqamətdə fəaliyyətini davam etdirdiyini diqqətə çatdıran Gülyanaq Məmmədova deyib: “Özbəkistanda Mədəniyyət Nazirliyi tərəfindən mən və Xalq artisti Mənsum İbrahimov “Mədəniyyət və sənət fədakarı” medalı ilə təltif olunduq. Bu mükafatı gözləmirdik. Belə xoş xəbərlər yaradıcı insanlara əlavə ruh və stimul verir. Arzumuz odur ki, Özbəkistanda özbək sənətçilərlə birlikdə “Leyli və Məcnun” tamaşasını səhnələşdirək. Bu layihənin həm Özbəkistanda, həm də Türkiyədə nümayiş olunması planlaşdırılır. Məqsədimiz gənclərə klassik tamaşalarımızı sevdirmək və iki ölkə arasında mədəni əlaqələri daha da gücləndirməkdir. Həm Azərbaycanın, həm də Özbəkistanın Xalq artisti olmaq mənim üçün böyük qürur və məsuliyyətdir”.