Bu gün Xalq şairi Cabir Novruzun doğum günüdür
Sağlığında qiymətini ala bilməyənlərin, haqqı tapdananların, min bir ləkə vurularaq zindanlar küncündə işığa həsrət qalanların haqqını qaytarmaq üçün “Sağlığında qiymət verin insanlara” harayı ilə minlərin-milyonların qəlbində ümid, inam tonqalı qaladı. Sadə, lakin inandırıcı, adi, lakin təsirli dedi. Elə dedi ki, ilk andan insanlar bunu bir şüar kimi, Azərbaycan poeziyasının Cabir Novruz həqiqəti kimi qəbul edib dəyərləndirdilər.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun anadan olmasından 93 il ötür.
Xalq yazıçısı Elmira Axundova şair haqqında belə yazıb: “Cabir Novruz hələ 60-cı, 70-ci illərdə Azərbaycan oxucuları arasında böyük rəğbət və sevgi qazanıb. O, poeziyamıza yüksək lirizm, bədii kamillik, səmimilik və mənəvi saflıq gətirib. Cabir Novruzun populyarlığını indiki cavanlara hətta təsəvvür etmək çətindir. Belə ki, onun şeir kitabları çoxminlik tirajlara baxmayaraq, tez bir zamanda satılır, əldən ələ gəzirdi. Özü isə o vaxtı ən böyük zallarda çıxış edirdi. İnanın, hətta çıxışını stadionda elan etsəydilər, bu stadion da ağzınacan dolu olacaqdı. Cabir müəllimin xalq arasında populyarlığını onun yazdığı şeirlərə bəstələnən mahnılar daha da artırdı. Çünki bu mahnıları ən tanınmış ustalarımız, demək olar ki, korifeylərimiz ifa edirdi - Şövkət Ələkbərovadan tutmuş Rəşid Behbudova, Zeynəb Xanlarovaya qədər. İndi də bu mahnıları bizim müasir estrada ulduzları sevə-sevə oxuyurlar”.
Cabir Novruz öz yolu, öz sözü, öz ədəbi taleyi olan şairdir. Onun çap olunan “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi”, “Ulu dünya, heyfsən”, “Vətən əbədi qopuqdur”, “Özünü qoru, xalqım”, “İnsanı tanımaq olmur” və digər şeirlər və poemalar kitabları ədəbiyyatsevərlər tərəfindən böyük məhəbbətlə qarşılanıb.
Onun şeirlərinə çoxlu mahnılar yazılıb. Əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub.
Xalq şairi 2002-ci il dekabrın 12-də vəfat edib.