Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Filippin Respublikasına səfər edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən DHA Press-ə bildirilib ki, səfər çərçivəsində aprelin 3-də nazir müavini Elnur Məmmədovun Filippinin xarici işlər katibi (naziri) Enrike Manalo ilə görüşündə ikitərəfli əlaqələrin hazırkı durumu və inkişafı perspektivlərindən söhbət açılıb, bu istiqamətdə əməli nəticələrin əldə edilməsi üçün birgə səylərin vacibliyi vurğulanıb.
Aprelin 4-də Azərbaycan Xarici İşlər Nazirliyi ilə Filippin Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Filippin tərəfindən isə xarici işlər nazirinin müavini xanım Tereza Lazaro rəhbərlik ediblər.
Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə iqtisadi, turizm, energetika, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. E.Məmmədov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri barədə geniş məlumat verib. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb. Regional və beynəlxalq təşkilatlar çərçivəsində Qoşulmama Hərəkatı - Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN), İqtisadi Əməkdaşlıq Təşkilatı-ASEAN formatlarında əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Məsləhətləşmələrin sonunda iki ölkə arasında ilk dövlətlərarası sənədin - “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Filippinin Respublikasının Mədəniyyət və İncəsənət üzrə Milli Komissiyası arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.
Həmçinin Manilaya səfəri zamanı E.Məmmədov “Manila Times” İnformasiya agentliyinə müsahibə verib. Müsahibədə iki ölkə arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, bu əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində mövcud gələcək perspektivlər haqqında suallar cavablandırılıb. Eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılın bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.