Parisdə Novruz bayramı münasibəti ilə xalça sərgisi açılıb

Fransada Azərbaycan səfirliyinin dəstəyi, “Arts Council Azerbaijan” və Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə səfirliyimizin Mədəniyyət Mərkəzində Novruz bayramı münasibəti ilə “İkinci həyat” layihəsi çərçivəsində “Azərbaycan xalçalarında bahar təravəti” adlı xalça sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Beqen, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və “İkinci həyat” layihəsinin yaradıcısı Sona Quliyeva çıxış ediblər. Natiqlər milli kimlik nişanəmiz Novruz bayramı haqqında məlumat veriblər. Bildirilib ki, Novruz Azərbaycan xalqının sağlam təfəkkürünü, mənəvi-əxlaqi baxışlarını, tarixin bütün dövrlərində yeniliklərə, inkişafa açıqlığını, keçmişimizi, bu günümüzü və gələcəyimizi əks etdirir. Novruz sadə bir el bayramı deyil, minilliklər ərzində cilalanmış, ulularımızın düşüncələrindən, dünyagörüşündən gələn, milli varlığımızın bir çox cəhətini özündə ehtiva edən bütöv bir dəyərlər sistemidir.

Novruz bayramının milli dövlətçilik ənənələrimizdə də müstəsna yeri və rolu var. Ümummilli Lider Heydər Əliyev Novruz bayramına milli ideologiyamızın təməl sütunlarından biri kimi yanaşırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu bayrama böyük dəyər verir, xalqımızın birliyinin, bütövlüyünün, mənəvi kamilliyinin, mədəniyyətimizin zənginliyinin və unikallığının əsas rəmzlərindən biri kimi onun qorunması, təbliği istiqamətində dövlət səviyyəsində sistemli tədbirlər həyata keçirilir.

Tədbirdə “İkinci həyat” layihəsi haqqında da məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi beynəlxalq mədəni əməkdaşlığı və müasir incəsənətlə ənənəvi bədii irs formaları arasında dialoqu inkişaf etdirməkdir. Bu çərçivədə ilkin vəziyyətini itirən Azərbaycan xalçalarına ənənəvi və müasir bədii texnikaların kombinasiyası vasitəsi ilə yeni həyat verilir.

Tədbir iştirakçıları Novruz bayramı münasibəti ilə hazırlanmış dekorativ məkanla, eləcə də ikinci həyat verilmiş xalçalarla tanış olublar.