Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Türk dövlətlərinin aparıcı elm və təhsil müəssisələri bir araya gələrək ortaq elmi platforma - Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzini təsis ediblər.

Bu barədə AZƏRTAC-a AMEA Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib. Bildirilib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın nüfuzlu universitetləri və dilçilik institutlarının iştirakı ilə yeni beynəlxalq elmi tədqiqat qurumunun təsis iclası keçirilib. Layihənin əsas məqsədi türk dillərinin koqnitiv və psixolinqvistik aspektdən araşdırılmasını vahid mərkəzdən koordinasiya etməkdir.

İclasın moderatoru, akademik Şöhrət Sirociddinov (Özbəkistan) bu qurumun türk xalqlarının dil birliyinə verəcəyi töhfəni yüksək qiymətləndirib. Tədbirdə Qazaxıstanın Dilçilik İnstitutunun direktoru professor Anar Fazıljan, Bakı Avrasiya Universitetinin rektoru professor Siyavuş Qasımlı və Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli rəhbərlik etdikləri qurumların Mərkəz üçün yaradacağı geniş imkanlardan danışıblar.

Mərkəzin məqsəd və fəaliyyət proqramını layihənin müəllifi, Dilçilik İnstittunun şöbə müdiri professor Mayıl Əsgərov təqdim edib. O, koqnitiv dilçiliyin müasir dünya elmindəki yerindən və türk dövlətləri arasında bu sahədə qurulacaq ortaq şəbəkənin əhəmiyyətindən danışıb.

İclasda Türkiyənin Hacettepe və Trakya universitetlərinin, həmçinin Özbəkistan və Qazaxıstanın müvafiq qurumlarının nümayəndələri təmsil etdikləri ölkələrdə psixolinqvistika sahəsində aparılan son tədqiqatlar barədə məlumat veriblər.

Görüşün sonunda Mərkəzin gələcək fəaliyyət planı təsdiqlənib və növbəti elmi toplantının vaxtı müəyyən edilib.