Əslən Qazaxıstandanam və 1991-ci ildə Almaniyaya köçmüşəm. O vaxtdan bəri mütəmadi olaraq doğma ölkəmə səfərlər edirəm. Hamburqda Qazaxıstanın gözəlliyini, tarixini və mədəniyyətini təbliğ etmək mənim üçün böyük qürurdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk dövlətlərinin Almaniyadakı səfirlikləri tərəfindən Berlində təşkil olunmuş tədbirdə iştirak edən qazaxıstanlı Kayriya Heye Azərbaycan mediasına açıqlamasında bildirib.
Tədbirdə iştirakdan məmnunluğunu ifadə edən K.Heye deyib: “Bu gün gördüyüm stendlər, eləcə də Oljas Süleymenovu tanıyan insanlarla görüş, mədəniyyətlərin bir-biri ilə bağlılığını göstərir. Qırğızların qazaxlarla birlikdə film çəkdiyini, kitabların yazıldığını görmək çox təsirli idi. Biz vətəndən uzaqda olsaq da, belə tədbirlər sayəsində bir-birimizə yaxın oluruq, mədəniyyətimizi tanıdırıq və gənclərimiz bir-birini tanıyır. Bu, nəsildən-nəslə ötürülən dəyərdir”.
O əlavə edib: “Tədbir çərçivəsində türk xalqlarına aid stendlər unikal və orijinal olmaqla yanaşı, ortaq dəyərlərimizi əks etdirir. Konsert isə möhtəşəm idi. Burada gördüyüm səmimi münasibətlər və yüksək təşkilatçılıq mənim üçün unudulmaz oldu”.