Nizami Kino Mərkəzində “Oğul” sənədli filminin nümayişi olub

Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press Nəşriyyat Evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Birinci Qarabağ müharibəsinin şəhidi Natiq Qasımovun ailə üzvləri, rəsmi şəxslər, tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, üç il ərzində ərsəyə gətirilən “Oğul” sənədli filmi Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır.

Nümayişdən əvvəl Mədəniyyət Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu bildirib ki, Azərbaycan və Böyük Britaniya kinematoqrafçılarının birgə istehsalı olan "Oğul" filmi ölkədə mədəniyyət sahəsinin inkişafı baxımından çox gözəl publisistik bir kino salnaməsidir. Onun sözlərinə görə, bu sənədli film Azərbaycan kino salnaməsində ərsəyə gətirilən, dövlətimizin başçısının tapşırığı ilə mədəniyyət siyasətində həyata keçirilən çox uğurlu layihələr silsiləsindəndir.

Gallery