Nəsildən-nəslə ötürülən sənət FOTO

Azərbaycanlı sənətkarların yaratdıqları xalça, tikmə, zərgərlik, keramika, metalişləmə, ağacoyma, daşoyma, geyim və s. nümunələr xalqın zəngin mənəvi dünyasının və bədii zövqünün ifadəsi olmaqla yanaşı, həm də böyük qürur qaynağıdır. Çox vaxt heç adlarını bilmədiyimiz azərbaycanlı ustalar el sənətini el şöhrətinə çevirə bilib.

AZƏRTAC xəbər verir ki, bu ənənəni qoruyan və yaşadan sənətkarlar nəslindən biri də şəkili Rəsulovlardır. Usta Əşrəfdən başlayan bu şərəfli yolu indi onun nəvəsi, gənc şəbəkə ustası Vüqar Rəsulov uğurla davam etdirir.

XVIII əsrdə inşa olunan və bu günə kimi də əlçatmaz memarlıq və sənətkarlıq möcüzəsi sayılan Şəki Xan sarayının şəbəkələrinə XX əsrdə yeni həyat verən Əşrəf Rəsulovun ailəsində dünyaya göz açan Vüqarın elə ilk gözəllik qaynağı babası və atasının hazırladığı nümunələr olub desək, yanılmarıq. Atasının emalatxanasında aldığı sənət dərslərinin nəticəsiz qalmadığı artıq göz qabağındadır.

Şəbəkə sənətinin bütün incəliyi bu ailənin hər bir fərdinin, eləcə də Vüqarın qanına hopub.

Gənc şəbəkə ustası Vüqar Rəsulovla elə iş başında söhbətləşirik. “Artıq dördüncü nəsil kimi şəbəkə ustası olaraq fəaliyyət göstərirəm. Bildiyimiz kimi, bu sənət növünün tarixi çox qədimdir. Atam, babam bu işlə məşğul olub. Şəbəkə sənətinin özəlliyi ondan ibarətdir ki, heç bir yapışqan və mismar işlənmədən taxta parçalardan, hissələrdən yığılır. Xan sarayının bərpasında da atamla birgə iştirak etmişəm. Hərçənd ki, o vaxt uşaq idim”, – deyir Vüqar usta.

Şəbəkə sənətkarlığı ilə az sayda ustanın məşğul olduğunu düşünsək, bu, Rəsulovların üzərinə böyük məsuliyyət qoyur. Gənc şəbəkə ustası Vüqar da bu məsuliyyəti başa düşür və hər zaman üzərində işləyir, yeniliklər etməklə etimadı doğrultmağa çalışır. Elə son əl işində olduğu kimi.

Bu barədə Vüqarın özünü dinləyək: “Əsərdə şəbəkə nümunələrindən istifadə olunub, milli ornamentli butalardan istifadə edilib. Butaların üzərində milli naxışlar və qədim abidələrin rəsmləri təsvir edilir. Ulu Öndərin şəkli Şəki ipəyi üzərində hazırlanıb”.

Söhbət əsnasında məlum olur ki, hazırda onların emalatxanasında Dövlət Turizm Agentliyinin xətti ilə əsaslı təmir-bərpa işləri aparılır. Gənc şəbəkə ustası deyir ki, bir neçə aydır emalatxanada təmir gedir. Buna görə də müvəqqəti olaraq həyətyanı sahədə öz əl işlərini yerli və xarici turistlərə təqdim edən həmsöhbətim bildirir ki, təmir başa çatandan sonra bura şəbəkə muzeyi kimi fəaliyyət göstərəcək. Eyni zamanda, əl işləri də yeni emalatxanada nümayiş etdiriləcək.

Qeyd edək ki, Rəsulovlar ailəsinin şəbəkə sənəti ilə bağlı hazırladıqları əl işləri ölkə və dünya miqyaslı sərgi və festivallarda dəfələrlə nümayiş etdirilib. Həmçinin Bakıda təşkil edilən şahmat üzrə dünya çempionatının, Avropa birinciliklərinin simvolları da bu ailə üzvləri tərəfindən hazırlanıb.