Aşurbəy Məmmədzadə: Bu yarışda qalibiyyət sürətdən çox sabitlik, düzgün qərar və davamlılıqla bağlıdır
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi Aşurbəy Məmmədzadə Yunanıstanın Heraklion şəhərində keçirilən MRC (Minoan Robotic Competition) beynəlxalq robot yarışmasında “JoshuaTech” komandası ilə birlikdə iştirak edərək mühüm nailiyyət əldə edib.
Dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirən yarışma robototexnika sahəsində beynəlxalq səviyyədə təşkil olunan nüfuzlu platformalardan biri hesab olunur. Bu il keçirilən müsabiqədə 40-dan çox ölkədən 700-dən artıq komanda və 4000-dən çox iştirakçı yer alıb. Geniş coğrafiyanı əhatə edən və yüksək rəqabət mühiti ilə seçilən beynəlxalq yarışda Aşurbəy Məmmədzadənin təmsil olunduğu “JoshuaTech” komandası “Obstacle Advanced” kateqoriyası üzrə 25 rəqib arasında I yerə layiq görülüb. Aşurbəy Məmmədzadə AZƏRTAC-a müsahibəsində yarışa hazırlıq prosesi, qarşılaşdıqları çətinliklər, komandanın texniki və strateji üstünlükləri, eləcə də gələcək planları barədə məlumat verib.
- Bu yarışmaya hazırlaşarkən ən böyük çətinliyiniz nə oldu və onu necə dəf etdiniz?
- Əslində bu prosesdə ən çətin tərəf texniki detallardan çox qeyri-müəyyənliklə işləmək idi. “Obstacle Advanced” kateqoriyasında hər şey plan üzərində aydın görünür, amma real mühitdə kiçik bir səth fərqi, işıq dəyişməsi və ya sensorun cüzi gecikməsi belə robotun davranışını tam dəyişə bilir. İlk mərhələlərdə biz daha çox “ideal şəraitdə işləyən” sistem qururduq. Testlərdə hər şey yaxşı gedirdi, amma bir detal dəyişəndə nəticə də dəyişirdi. O anda başa düşdük ki, məqsəd təkcə missiyanı yerinə yetirən robot yox, hər şəraitdə qərar verə bilən sistem qurmaqdır. Eyni zamanda, bu yarış bizim üçün sadəcə tapşırığı bitirmək deyildi. Bu, beynəlxalq səviyyədə idi və qarşımızda çox peşəkar komandaların olduğunu bilirdik. Ona görə də biz yalnız sürət və dəqiqliyə fokuslanmadıq. Özümüzə sual verirdik: “Bizi digərlərindən nə fərqləndirəcək?” Bu sual bizi daha fərqli yanaşmalar sınamağa vadar edirdi, bəzən daha riskli, bəzən daha sadə, amma daha ağıllı həllər. Qeyri-müəyyənliyin bir hissəsi də rəqiblərin necə işləyəcəyini bilməmək idi. “Kim hansı strategiyanı seçəcək?”, “Hansı texniki həllərdən istifadə edəcək?” bunlar bizim üçün açıq qalan suallar idi. Buna görə biz sistemi tək bir ssenariyə yox, mümkün qədər çox fərqli vəziyyətə uyğunlaşdırmağa çalışırdıq.
Bu proses çox sayda test və səhvlərlə keçdi. Bəzən eyni problemi dəfələrlə həll etməyə çalışırdıq. Son həftələrdə isə artıq bu iş bir az emosional mərhələyə keçmişdi. Elə gecələr olurdu ki, demək olar yatmadan sistemi yenidən qurur, sınayır, yenə dəyişirdik. Amma maraqlısı odur ki, ən böyük irəliləyişlər də məhz o anlarda baş verirdi.
Sonda anladıq ki, bu yarışda qalibiyyət sürətdən çox sabitlik, düzgün qərar və davamlılıqla bağlıdır. Yəni ən sürətli robot yox, ən az səhv edən və dəyişən şəraitə uyğunlaşa bilən sistem qalib olur. Biz də bütün hazırlığımızı məhz bu məntiq üzərində qurduq.

-“JoshuaTech” komandası olaraq uğur qazanmağınızda hansı texniki və ya strateji üstünlükləriniz rol oynadı?
- Biz yarışa başlayanda məqsədimiz “ən mürəkkəb robotu qurmaq” deyildi. Əksinə, özümüzə bir sual vermişdik: bu sistem real şəraitdə necə davranacaq? Anlayırdıq ki, kağız üzərində işləyən ideya ilə yarış meydanında işləyən sistem tam fərqli şeylərdir. Ona görə də biz bilərəkdən bəzi şeyləri çətinləşdirmək əvəzinə, sadələşdirməyə getdik. Hər detalı əlavə edəndə özümüzü yoxlayırdıq: bu, sistemi həqiqətən yaxşılaşdırır, yoxsa sadəcə daha mürəkkəb edir? Bu yanaşma bizə daha stabil və gözlənilməz hallarda belə özünü itirməyən robot qurmağa kömək etdi.
Texniki tərəfdə isə ən çox fokuslandığımız məsələ robotun “necə hərəkət etməsi” yox, “necə qərar verməsi” idi. Burada universitetdə qazandığımız riyazi düşüncə çox kömək etdi. Alqoritm qurarkən biz sadəcə kod yazmırdıq, eyni zamanda mümkün ssenariləri əvvəlcədən “hesablayırdıq”. Yəni robotu bir növ əvvəlcədən düşünməyə öyrətməyə çalışırdıq. Bu da bizə daha ağıllı və çevik sistem qurmağa imkan verdi.
Komanda olaraq da maraqlı bir balansımız var idi. Hər kəs öz işini görürdü, eyni zamanda, hamı ümumi sistemi başa düşürdü. Bu da qərarları daha sürətli verməyə və dəyişiklikləri dərhal tətbiq etməyə imkan yaradırdı. Bəzən bir ideya gəlirdi və 1-2 saat içində onu test edib nəticəsini görürdük, bu bizim üçün böyük üstünlük idi. Amma düşünürəm ki, bizi ən çox fərqləndirən şey yanaşmamız oldu. Biz yarışa sadəcə “qalib gəlmək” kimi baxmadıq. Daha çox maraqlı olan o idi ki, eyni problemi daha fərqli necə həll edə bilərik. Bu sual bizi daim axtarışda saxladı.
Sonda isə başa düşdük ki, üstünlük təkcə texnologiyada deyil. Üstünlük sadə düşünə bilməkdə, düzgün suallar verməkdə və komandada bir-birini başa düşməkdədir. Bizi irəli aparan da məhz bu oldu.

-Gələcəkdə robototexnika sahəsində hansı layihələri həyata keçirməyi planlaşdırırsan?
-Sözün düzü, robototexnikaya mən artıq yarış prizmasından yox, daha çox real problemləri həll edən bir alət kimi baxıram. Çünki bir müddət sonra anlayırsan ki, ən maraqlı tərəf qalibiyyət yox, qurduğun sistemin həyatda necə işlədiyidir.
Məni daha çox cəlb edən istiqamət elə layihələrdir ki, insanın gündəlik həyatında “görünməyən” problemləri həll edir. Bəzən bu problemlər o qədər adi görünür ki, insanlar artıq onları problem kimi qəbul etmir. Mən isə düşünürəm ki, texnologiyanın ən böyük gücü məhz bu nöqtədə ortaya çıxır - sadə görünən, amma təsiri böyük olan məsələləri həll etməkdə. Ona görə gələcəkdə qurmaq istədiyim sistemlər daha çox müşahidə edən, analiz edən və prosesləri avtomatlaşdıran robotlar olacaq. Yəni sadəcə əmri yerinə yetirən yox, mühiti başa düşən və qərar verən sistemlər. Eyni zamanda, süni intellekt və data analitikanın robot sistemlərinə inteqrasiyası mənim üçün çox maraqlı sahədir. Çünki gələcəkdə robotlar sadəcə proqramlaşdırılmış əmrləri yerinə yetirməyəcək, mühiti anlayacaq, məlumat toplayacaq və qərar verəcək. Mən də daha çox bu istiqamətdə - yəni “düşünən sistemlər” üzərində işləmək istəyirəm.
Daha uzunmüddətli baxanda isə məqsədim təkcə layihələr hazırlamaq deyil. İstəyirəm ki, Azərbaycandan təqdim olunan texnoloji həllər beynəlxalq səviyyədə tanınsın və istifadə olunsun. Yəni qurduğumuz sistemlər sadəcə yarışlarda yox, real həyatda da dəyər yaratsın. Çünki sonda ən vacib sual bu olur: “Sənin hazırladığın texnologiya kiminsə həyatını həqiqətən dəyişirmi?” Mən də gələcək layihələrimi daha çox bu sual üzərində qurmağa çalışıram.