Türkiyədə Azərbaycan teatr sənətinin təbliği istiqamətində mühüm mədəni hadisə baş verib. Mirzə Fətəli Axundzadənin məşhur komediyası əsasında hazırlanmış tamaşa İğdır şəhərində səhnələşdirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə İğdırda yaradılan “Bir millət, iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrının ilk səhnə işi görkəmli dramaturqun "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası əsasında hazırlanan "Müsyö Jordan və Dərviş Məstəli Şah" tamaşası olub.
Tamaşanın təqdimatı İğdır Mədəniyyət Mərkəzində baş tutub. Tədbirdə İğdır valiliyi, Azərbaycanın Qars şəhərində fəaliyyət göstərən Baş konsulluğun, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, yerli ictimaiyyət, azərbaycanlılar iştirak ediblər.
Əvvəl çıxış edən quruluşçu rejissor, Azərbaycanın Əməkdar artisti Tofiq Seyidov Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılan “Bir millət, iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrı haqqında danışıb. O bildirib ki, bu təşəbbüs iki ölkə arasında dostluğun möhkəmlənməsinə, bölgənin mədəni həyatına töhfə verməklə yanaşı, gələcəkdə qardaşlığımızın daha da güclənməsinə və Azərbaycan yazıçılarının əsərlərinin səhnələşdirilməsi üçün yeni imkanların yaranmasına xidmət edəcək.
O qeyd edib ki, gənclərin iştirakı ilə ərsəyə gələn belə layihələr ortaq milli-mədəni irsin yaşadılması, gələcək nəsillərə ötürülməsi və teatr sənətinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın Xalq artisti, görkəmli teatr və kino xadimi Cahangir Novruzov bunu böyük mədəni hadisə adlandırlb. O, çıxışında səhnə əsərinin ideya-estetik mahiyyətinə toxunaraq bildirib ki, bu kimi tamaşalar qardaş xalqlar arasında mənəvi yaxınlığı daha da dərinləşdirən, mədəni dialoqu gücləndirən mühüm sənət hadisələridir.
Əsəri Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyə türkcəsinə Xalq artisti Cahangir Novruzov çevirib.
1850-ci ildə qələmə alınmış bu klassik komediya cəhalətin və savadsızlığın tənqidi, elmin və maarifin insan həyatındakı rolu, Şərq və Qərb dünyagörüşlərinin toqquşması kimi aktual mövzuları satira və yumor vasitəsilə tamaşaçıya çatdırır.
Tamaşada tollarda Atilla Osman Kırlak, Aminə Günəş, Harun Turan, Fatma Zəhra Kılıç, Mustafa Ali Alkoç, Emre Nur Aydın, Rabia Özel, Emre Güven, Melik Emre Parlar, Serhat Dere, və Əhməd Kılıc çıxış ediblər.
Əsər İğdırla yanaşı, Kars, Ardahan və Ankara şəhərlərində teatr səhnəsində nümayiş etdiriləcək.
Layihənin həyata keçirilməsinə Azərbaycanın Qarsdakı Baş konsulluğu, İğdır Valiliyi və digər müvafiq rəsmi qurumlar tərəfindən təşkilati dəstək göstərilib.