Aprelin 17-də “CHARACTERS” Müasir Dramaturgiya Hərəkatı “CHARACTERS 2026” pyes müsabiqəsində qalib olmuş üç pyesin festival oxunuşlarını başa vurub.
AZƏRTAC-ın müxbiri ilə söhbətdə “CHARACTERS”in bədii rəhbəri, dramaturq İsmayıl İman builki festival haqqında danışıb.
“Festivala və pyes müsabiqəsinə marağın qalması sevindirir. Əlbəttə ki, müsabiqənin qısa siyahısında daha çox yeni müəllifin görünməsini istərdik. Biz bu fəaliyyəti davam etdirməliyik və yalnız daimi hərəkət sayəsində teatr məkanımızın və müasir dramaturgiyamızın vəziyyətini dəyişə bilərik”, - deyə müsahibimiz qeyd edib.
Onun sözlərinə görə, “CHARACTERS” müasir dramaturgiya hərəkatı beş ildən çoxdur ki, həm yerli, həm də xarici pyeslərin oxunuşlarını müntəzəm olaraq keçirir və hər dəfə tamaşaçıların marağını cəlb edir: “Bu il biz bir-biri ilə əlaqəli olmayan müxtəlif - dövlət, müstəqil, yeraltı və rəsmi məkanlarda oxunuşlar keçirdik. Bu, müxtəlif auditoriyaları, seqmentləri əhatə etmək üçün edildi. Və məhz belə də oldu - bütün oxunuşlarda müxtəlif auditoriya var idi və biz müxtəlif tamaşaçılardan əks əlaqə almaqda maraqlı idik. Bu, yeni inkişaf yollarını axtarmaq üçün vacibdir”.
İ.İmanın deyib ki, builki oxunuşlar pyesi potensial tamaşaya yaxınlaşdırmaq məqsədilə eskiz formatında keçirilib: “Əlbəttə ki, pyeslər öz-özünə mövcud ola bilər, amma biz onların səhnələşdirilməsini istərdik. Müasir Azərbaycan dramaturgiyası ölkənin teatr məkanlarında təqdim olunmalıdır”.
Xatırladaq ki, festival oxunuşları aprelin 14-17-də baş tutub. Jalə İsmayılın “Quyuda bitən qamışın monoloqu”, Abdulla Elşadlının “_” və Hacı Səfərovun “Eyay” pyesləri təqdim olunub. Oxunuşlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kiçik səhnəsində, “Fluxus Space” incəsənət qalereyasında, Azərbaycan Kinematoqrafçılar İttifaqında və “Ritual” Teatr və Yaradıcılıq Laboratoriyasında keçirilib.