Azərbaycan Muzeylərinin nadir eksponatları: Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından “Madonna payızbülbülü ilə” tablosu

AZƏRTAC oxucuları ölkəmizin muzey kolleksiyalarından nadir eksponatlarla tanış edən “Azərbaycan muzeylərinin nadir eksponatları” silsiləsini davam etdirir.

Azərbaycan Milli İncəsənət Muzeyinin zəngin kolleksiyasına Rafael Santinin “Madonna payızbülbülü ilə” tablosu da daxildir.

Muzeydə nümayiş olunan əsər böyük İntibah ustasının məşhur əsərinin XVIII-XIX əsrlərə aid bir neçə nüsxəsindən biridir. Əsərin yüksək bədii keyfiyyəti İntibah estetikasının və Rafaelin üslubunun incəliklərinin məharətlə qorunub saxlanılmasından xəbər verir.

Rəssam tərəfindən 1506-cı ildə yaradılan orijinal rəsm əsəri dünya incəsənətinin Qızıl Fondunun bir hissəsidir. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan nüsxə əvvəllər Rusiya şahzadəsi Baryatinskinin məşhur kolleksiyasının bir hissəsi olub və 1925-ci ildə Dövlət Muzey Fondundan (Moskva) muzeyə köçürülüb.

Rəsmdə Məryəm ana, körpə İsa Məsih və vəftizçi Yəhya təsvir olunub.

Kompozisiya İntibah dövrü incəsənətinə xas piramidalı quruluşa uyğun olaraq qurulub. Bu əsərin əsas bədii xüsusiyyətlərinə, həmçinin Rafaelin üslubuna xas olan personajların incə üz cizgiləri, fiqurlar arasındakı emosional əlaqə, arxa planda təbii mənzərənin təsviri və ümumi sakitlik daxildir. Rəsmin hər bir elementi rəmzi məna ilə doludur. Məryəmin əlindəki kitab Məsihin əvvəlcədən müəyyən edilmiş taleyini göstərir və onun vəftizçi Yəhyaya yönəlmiş baxışları gələcək hadisələrin öncədən xəbərdarlığını simvollaşdırır. Vəftizçi Yəhyanın İsaya verdiyi payızbülbülü qədim xristian simvolizmi ilə əlaqələndirilir. Rəvayətə görə, payızbülbülü çarmıxa çəkilmiş İsanın başındakı tikanlı tacdan tikanı çıxarıb və qanına qəltan olub. Buna görə də onun başındakı qırmızı ləkə Xilaskarın qanı kimi qəbul edilir.

Məryəmin ayaqları altında xristianlıqda səbir və itaətkarlığın rəmzi hesab edilən bir bağayarpağı bitkisi var, çünki o, nə qədər tapdalansa da, yenidən cücərir. Arxa planda təsvir edilən möhtəşəm günəşli mənzərəyə baxmayaraq, əsər kədər hissi oyadır. Körpə İsanın baxışları onun dövrünə xas olmayan mənəvi müdrikliyi və taleyi ilə barışdığını ifadə edir. Bu, Rafaelin sənətinin dərinliyinin və mənəvi qatlarının təzahürüdür.

Əsərin orijinalı Florensiyadakı Uffitsi Qalereyasında saxlanılır. Qiymətli sənət əsəri olan və Azərbaycan Milli İncəsənət Muzeyinin Avropa rəsm bölməsində nümayiş etdirilən nüsxə sənətsevərlərə İntibah dövrü incəsənətinin mənəvi və estetik zənginliyi haqqında dərindən düşünmək üçün mövzu təqdim edir.