ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Çin Dili Günü qeyd olunub.

ADU-da fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla Beynəlxalq Çin Dili Gününün qeyd edilməsinin əhəmiyyətindən danışıb. Rektor bildirib ki, beş min il əvvəl yaranmış Çin heroqlifləri dünya mədəniyyətinin inkişafında çox mühüm rol oynayıb. Böyük İpək Yolu təkcə ticarət deyil, həmçinin böyük mənəviyyat yolu idi.

Tədbirdə Çinin Azərbaycandakı səfiri xanım Lu Mey Beynəlxalq Çin Dili Gününün yaranma tarixindən danışıb. Qeyd olunub ki, hər il aprelin 20-də qeyd olunan Beynəlxalq Çin Dili Günü 2010-cu ildə BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən, eləcə də BMT-nin altı rəsmi dilinin bərabər istifadəsini təşviq etmək məqsədilə təsis olunub. O bildirib ki, son illər Çin Xalq Respublikasının sədri Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Çin-Azərbaycan əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq durmadan genişlənib, dostluğumuz daha da dərinləşib.

Çin dilinin dünyada ən çox danışılan dil olduğunu və Azərbaycanda səkkiz mindən çox insanın bu dili öyrənmək üçün qeydiyyatdan keçdiyini vurğulayan səfir diqqətə çatdırıb ki, Çinin bir çox universitetlərində azərbaycanşünaslıq fəal şəkildə həyata keçirilir. O, 2025-ci ildə altmış mindən çox Çin vətəndaşının Azərbaycana səfər etdiyini deyib. “Gələcəyə baxsaq, Çin-Azərbaycan münasibətlərinin geniş perspektivləri var və Çin dilini öyrənmək üçün böyük potensial var. Çinin Azərbaycandakı səfirliyi hər zaman olduğu kimi, hər kəsə Çin dilini öyrənmək və Çin mədəniyyətini anlamaq üçün imkanlar və şərait yaradacaq”, -deyə diplomat əlavə edib.

Sonra ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. Tədbirdə qonaqlar, həmçinin Çin mədəniyyətinə həsr olunmuş sərgi ilə tanış olublar və ustad dərslərində iştirak ediblər.