Anar Məmmədxanovun vəfatından bir neçə il sonra onun haqqında kitab yazmağa başladım. Onun həyat yoldaşı İradə Məmmədxanovanın da köməyi ilə bir il ərzində materialları topladım və üzərində işlədim. Kitabda Anarı tanıyan hər kəs - dostları, ailə üzvləri və yaxınları öz xatirələrini bölüşdü. Nəticədə “Anar Məmmədxanov. Kapitanın taleyi” adlı kitab nəşr olundu. Biz kitabı 2018-ci ildə həm Moskvada, həm də Bakıda təqdim etdik.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq yazıçısı Elmira Axundova deyib.
"Kitabın rus dili nəşrinin təqdimatından sonra Azərbaycan dilində də oxuculara təqdim olunması üçün tərcümə işinə başladıq. Bu gün böyük məmnuniyyətlə deyə bilərəm ki, kitab artıq hazırdır və yaxın zamanda - Anarın doğum günündə Azərbaycan dilində oxuculara təqdim ediləcək. Anar Məmmədxanov elə bir şəxsiyyətdir ki, o, heç vaxt unudulmayacaq. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq", - deyə o diqqətə çatdırıb.