Tamaşa üçün başlanğıc nöqtə, şübhəsiz ki, Federiko Qarsiya Lorkanın “Bernarda Albanın evi” pyesi oldu. Düşünürəm ki, bu əsərin sırf totalitarizm haqqında olduğu barədə ümumi, lakin bir qədər səthi bir fikir yaranıb. Mənim üçün isə bu pyes bir insanı, xüsusən də bir qadını sevgidən məhrum etmək nə dərəcədə təhlükəli olduğu haqqındadır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Bernarda Albanın evi” tamaşasının quruluşçu rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovski söyləyib.
“Məhz bu fikir mənim üçün əsas oldu. Hekayənin mərkəzində bir ana və onun sərt nəzarəti altında olan beş qızının yaşadığı ev var. Onların hər biri sevgi həsrətindədir və məhz bu susdurulmuş hiss faciəvi nəticələrə gətirib çıxarır. Bu daxili dramaturgiya mənə dərindən toxundu və bir çox cəhətdən rejissorluq qərarımı müəyyən etdi”, - deyə müsahibimiz qeyd edib.
Onun sözlərinə görə, tamaşada, həmçinin müəyyən interpretasiyalara yol verib: “Orijinalda sadəcə söhbəti gedən kişi obrazı mənim quruluşumda səhnəyə çıxır və personaja çevrilir. Bu, əlavə gərginlik yaradır və emosional münaqişəni gücləndirir”.
Tamaşa üzərində iş haqqında danışan rejissor prosesin, əsasən, güclü aktyor heyəti sayəsində həqiqətən çox maraqlı olduğunu vurğulayıb.
Tamaşada həm tanınmış səhnə ustaları, həm də gənc aktrisalar iştirak edirlər. Rejissor tamaşada, eyni zamanda, Pepe El Romano rolunu ifa edən, parlaq və çoxşaxəli yaradıcı insan kimi özünü göstərən, dəvət olunmuş xoreoqraf - Azərbaycanın Əməkdar artisti, balet solisti Anar Mikayılovun iştirakını xüsusilə qeyd edib.
Orijinal konsepsiyanın saxlanmasına gəldikdə, A.Şarovski onun diqqətlə qorunduğunu vurğulayıb: “Eyni zamanda, mətn bir qədər qısaldılıb - bu, müasir səhnədə təbii bir təcrübədir. Bugünkü tamaşaçı fərqli bir dinamika tələb edir və klassik əsərlərin adaptasiya olmadan tam yenidən canlandırılması çox vaxt dərk edilməsi üçün çox çətin olur”.