Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamda qeyd edilir ki, İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır. Bununla yanaşı, sənəddə vurğulanır ki, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Xüsusilə, Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə milli iradənin təzahürüdür.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşanın tarixi- memarlıq abidələri: Qarabağ xan sarayları və karvansaralar” sərlövhəli məqaləsində yer alıb.
AZƏRTAC “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu silsilədən olan məqaləni təqdim edir.
XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan Azərbaycan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə xan və onun ailəsinin yaşaması, təhlükəsizlik, o cümlədən fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar inşa edilib. Bu dövr qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterizə olunur.
Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji əhəmiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xan Cavanşirin qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılıb. Mirzə Adıgözəl bəyin məlumatına görə Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün geniş binalar və əzəmərli hündür saraylar inşa edilib. Digər Qarabağ tarixçisi Mir Mehdi Xəzani Şuşa qalasının inşa edilməsindən bəhs edərkən Pənahəli xanın sifarişi ilə qala daxilində sarayların inşa edilməsini də vurğulayır: “Pənahəli xan Şuşada özünə balaca qalaya oxşar qala divarları ilə əhatə edilmiş saray inşa etdirdi. Öz sarayı yaxınlığında isə təpə üzərində oğlu İbrahimxəlil üçün saray inşa etdirdi”.
Bu baxımdan qeyd etdiyimiz dövrdə Şuşa şəhərində Cıdır düzünə yaxın ərazidə yerləşən və Qarabağ xanlarının banisi Pənahəli xan Cavanşirin iqamətgahı kimi tanınan tarixi saray mövcud olub. Pənahəli xanın dövründə saray xanın iqamətgahı olmaqla yanaşı, həm də xan ailəsi ilə birlikdə bu ömür sürüb. Onun oğlu İbrahimxəlil xan ailəsi və yaxınları ilə birlikdə Pənahəli xanın sarayı yaxınlığında onunla eyni dövrdə inşa edilmiş xan sarayında yaşayıb.
Bu saraylardan başqa Şuşada xan ailəsi üzvlərinə məxsus görkəmli şairə xan qızı Xurşidbanu Natəvanın və Qaraböyük xanım sarayı da var. Qarabağ xan sarayı adı müxtəlif mənbələrdə bu sarayların hər birinə aid edilsə də, xanlarının əsas siyasi iqamətgahı ilk Qarabağ xanı Pənahəli xanın saray-qəsri olub.
Eyni zamanda, İbrahimxəlil xan sarayı və ya İbrahimxəlil xanın qəsri Şuşa şəhərinin cənub-şərq hissəsində, Daşaltı kəndi yaxınlığında yerləşən tarixi saraydır. Bəzi mənbələrdə saray həm də Qarabağ xan sarayı adlandırılır ki, bu da İbrahimxəlil xanın hakimiyyəti dövründə sarayın xan igamətgahı olması ilə əlaqədardır.
Bununla yanaşı, Qaraböyük xanım sarayı və ya Qara Böyük Xanım bürcü adlandırılan tarixi memarlıq abidəsi Şuşa şəhərinin tarixi mərkəzində yerləşən tarixi saraydır. Mənbələrdə Şuşa qalası ərazisində bir neçə sarayın olması haqqında məlumat verilsə də, onlardan yalnız ikisi Qaraböyük xanım sarayı və Pənahəli xanın sarayı dövrümüzə qədər çatıb. Qaraböyük xanım qəsrinin giriş qapısı üzərindəki kitabədə onun hicri 1182-ci ildə (1768) inşa edilməsi göstərilib.
Məlum olduğu kimi, Böyük İpək yolunun üzərində yerləşən Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvansaralar tikilib. Karvansaralar ticarət məqsədilə bir şəhərdən digərinə gedən yolun üstündə karvanların dayanacaq yeri kimi nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, artıq XVIII əsrin 80-ci illərində Şuşanın ətrafına möhtəşəm qala divarları çəkilib başa çatdırıldı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Leypsiq, London, Mançester, Marsel və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Xüsusi qeyd etmək lazımdır ki, XIX əsrin əvvəllərindən başlayaraq Şuşanın mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri hesab edilən Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələri bu qədim Qala-şəhərin özünəməxsus simasının formalaşmasında əhəmiyyətli rol oynamışdır. Həmin dövrdə şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr də zərb edilirdi.
Şuşa şəhərinin qədim memarlıq abidəsi olan karvansaralarına gəldikdə isə, XIX əsrdə inşa edilmiş “İkimərtəbəli karvansara” kimi tanınan və şəhərin “Meydan” adlanan ərazinin qərb hissəsində Şeytan bazar adlanan hissəsində inşa edilmiş mehmanxana tipli, həmçinin iki mərtəbəli karvansara olmuşdur. XIX əsrin ikinci yarısında karvansara xalq arasında Hacı Səyyaf oğlu karvansarası kimi tanınırdı. Onun yerində Qarabaöda məşhur olan şuşalı memar Kərbəlayi Səfıxan Qarabaği Məşədi Şükür Mirsəyyaf oğlunun yeni tələblərə cavab verən karvansarasını tikdirmişdi. İnşasından sonra ilk vaxtlarda adı çəkilən karvansara Şuşada ən çox qonağı olan karvansaraya çevrilmişdi. Bu karvansara istər böyüklüyünə, istərsə də memarlıq üslubuna görə, şəhərdəki digər karvansaralardan seçilirdi.
Məşədi Şükür Mirsəyyaf oğlunun karvansarası ikimərtəbəli daş bina idi. İkinci mərtəbədə qonaqlar üçün iyirmi beş otaq vardı. Adətən, qonaqlar, tacirlər və nadir hallarda səyyahlar olurdu. Karvansaranın qalan hissəsində bir neçə tacir kontoru və otuza yaxın müxtəlif tacir dükanı yerləşirdi. Təzə karvansaranın yeniliyi ondan ibarət idi ki, binanın içərisində, ikinci mərtəbədə təxminən 9 x 8 metr ölçüdə ibadət zalı olan məscidin olması idi. Məscidin divarları zövqlə işlənmiş nəfis qabartmalarla bəzədilmişdi. Tanınmış mehmanxanalarında olduğu kimi qonaqlara dərzilər, papaqçılar, bərbərlər və çəkməçilər xidmət göstərirdilər. Karvansara öz gözəl xidməti ilə tacirləri və səyyahları cəlb edirdi. Bugünkü dillə desək, otaqlara tələbat o qədər çox idi ki, yaxınlıqda ikimərtəbəli bir binanın tikilməsi lazım gəlmişdi. İkinci mərtəbədə insanlar kirayə olaraq qalırdı. Birinci mərtəbədə isə müxtəlif ticarət mağazaları mövcud idi. Sovet dövründə Məşədi Şükür Mirsəyyaf oğlunun karvansarası ticarət kompleksinə çevrilmişdi və şəhərin əsas və yeganə bazarı kimi fəaliyyət göstərmişdi.
Şuşada Xanlıq Muxtar karvansarası kimi tanınan Şuşa Dövlət Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli karvansara şəhərin mərkəzində Saatlı məhəlləsinin başlanğıcında yerləşirdi. Karvansara XIX əsrdə Xanlıq Muxtar tərəfindən tikilmişdir. Xanlıq Muxtarla bağlı mənbəələrdə yazılı məlumat çox olmasa da, Qarabağ xanının sarayında xidmət etmiş, şəhərin hörmətli şəxslərindən olduğu bildirilir.
Şəhərin tarixi mərkəzində “Bazarbaşı” adlanan yerdə, Saatlı məhəlləsinin başlanğıcında yerləşən Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası kimi tanınmış XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Karvansaranın əsas fasadı XIX əsrin ikinci yarısında Şuşanın tarixən mərkəzi ticarət küçəsi olan “Rastabazar” küçəsinə açılır.
Qeyd etmək lazımdır ki, Şuşa işğaldan azad edildikdən sonra qısa müddət ərzində şəhərin bərpası istiqamətində işlərə başlanıldı. Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə, xüsusilə Şuşada 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlamışdır. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi fəal dəstəyini göstərir. Aparılan genişmiqyaslı işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunmuşdur.
Heydər Əliyev Fondu artıq Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırmışdır. Bunların sırasında Şuşa şəhərindəki vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşmiş binada 2023-cü il mayın 10-da Yaradıcılıq Mərkəzinin açılışı oldu. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılmışdır. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar sökülərək binanın tarixi formasına qaytarılması işləri yerinə yetirilmişdir.
Həmçinin, Yaradıcılıq Mərkəzindəki ekspozisiya salonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açılan “Heydər Əliyev və Qarabağ” sərgisi yüksək tərtibatı ilə dilqqəti cəlb edir. Sərgidə görkəmli dövlət xadimi Heydər Əliyevin1969-1982-ci illərdə Qarabağda sosial- iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Eləcə də sərgidə Ümummilli liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer almışdır. Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır.
Şuşada işğal vaxtı yararsız hala salınan, ölkə əhəmiyyətli memarlıq abidəsi olan və Xanlıq Muxtar karvansarası kimi tanınan bina Heydər Əliyev Fondu tərəfindən bərpa edilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il avqustun 30-da həmin binada açılmış Şuşa Rəsm Qalereyası və “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı sərgi ilə tanış olublar.
Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri ziyarətçiləri sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə aparır. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünyagörüşünə böyük təsir edib.
Hazırda Heydər Əliyev Fondu tərəfindən digər tarixi karvansara - Məşədi Şükür Mirsəyyaf oğlunun karvansarasında bərpa işləri davam etdirilir. Adları çəkilən karvansaraların hamısı Azərbaycanın Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.