Bu il Beynəlxalq Xalça Forumu ikinci dəfə təşkil olunur. Forum həm yerli, həm də xarici qonaqlar üçün mühüm platforma rolunu oynayır. Tədbirdə 19 ölkədən qonaqlar və spikerlər iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov deyib.
Onun sözlərinə görə, xalça yalnız məişət əşyası deyil, yaşadılmalı olan qədim sənətdir: “Xalça həm zəngin mədəni irsimizin bir hissəsidir, həm də iqtisadi baxımdan bu gün XXI əsrin tələblərinə uyğunlaşmalıdır”.
E.Məmmədov qeyd edib ki, “Azərxalça”nın ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 11 istehsalat sahəsi və 500-ə yaxın toxucusu var: “Toxucularımızın böyük əksəriyyəti kənddə yaşayan xanımlardır. Biz bölgələrdə qadınların məşğulluğunu təmin edən bir təşkilatıq. Hətta deyə bilərəm ki, əməkdaşlarımızın təxminən 85 faizi məhz bölgələrdə yaşayan xanımlardır. Onlar bu mədəniyyəti qoruyur, yaşadır və eyni zamanda iqtisadi baxımdan ailələrinə dəstək olurlar”.
O vurğulayıb ki, məhz buna görə tədbirdə müxtəlif ölkələrdən spikerlər iştirak edir və müzakirələr aparılır. Əsas məqsəd xalça sənətinin müasir dövrə uyğunlaşdırılması və onun dünya bazarına inteqrasiyası məsələlərinin müzakirəsidir.
Emin Məmmədov deyib ki, mayın 1-dən 3-dək keçiriləcək tədbir çərçivəsində Mərakeş, Nepal, Türkiyə, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən gələn qonaqlar öz təcrübələrini bölüşəcək, xalça sənətinin beynəlxalq bazara çıxışı və toxuculuq sənətinin inteqrasiyası ilə bağlı çıxış edəcəklər.