Ukraynanın Vinnitsa şəhərinin Regional Diyarşünaslıq Muzeyində soydaşımız Seymur Abuşovun şəxsi kolleksiyasından "Azərbaycan xalçasının sehrliliyi" adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında çıxış edən Seymur Abuşov bildirib ki, sərgidə XIX əsrin sonu XX əsrin əvvəllərinə aid 30 antik xalça nümayiş olunur və onlar Azərbaycan xalçaçılığının aparıcı məktəblərini təmsil edir. Bu, Ukraynadakı ən böyük antik Azərbaycan xalçaları kolleksiyasıdır. Bəzi eksponatların 100 ildən çox yaşı var.
Daha sonra çıxış edən muzeyin direktoru Ruslan Palamarovski, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Vinnitsa şəhər Radasının deputatı Teymur Abuşov, Vinnitsa Vilayət Dövlət Administrasiyasının Millətlər və Dini İşlər Departamentinin müdir əvəzi Yuliya Mandrika, Humanitar Siyasət Departamentinin şöbə müdiri Liliya Qonçaruk qeyd ediblər ki, bu sərgi Azərbaycan ilə Ukraynanın mədəniyyətlər arasında körpüdür. Bu sadəcə bir sərgi deyil, həm də sənətin müxtəlif sahələrinin birləşməsidir.
Sərgi mayın sonuna kimi davam edəcək.
Ukraynanın digər şəhərlərində də sərginin açılışı nəzərdə tutulur.