Azərbaycan Elm Fondu tərəfindən maliyyələşən “Qarabağın Dəmir dövrü kurqanları: Füzuli rayonu Yedditəpə abidəsi və ətraf ərazilərin arxeoloji tədqiqi” layihəsinin rəhbəri AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənov və layihə üzvü institutun elmi əməkdaşı Nərmin Məmmədli Azərbaycanın “Bimex” və Çinin “DJI” şirkətləri tərəfindən təşkil olunmuş təlimdə iştirak ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Qeyd edilib ki, rəqəmsal texnologiyaların Qarabağın arxeoloji tədqiqatlarında tətbiqinin genişləndirilməsi məqsədilə aprel ayının son günlərində ixtisaslaşdırılmış təlim təşkil olunub. Təlim RTK modulla təchiz olunmuş PUA-ların idarə edilməsi, ortofoto planlarının hazırlanması və 3D modelləşdirmə proseslərini, eləcə də multispektral və termal kameralarla təchiz olunmuş PUA-ların idarə edilməsi və onlardan alınan məlumatların emalını əhatə edib. Həmçinin LİDAR cihazı ilə təchiz olunmuş PUA-ların vasitəsilə sıx və hündür bitki örtüyü olan ərazilərdə topoqrafik planların çıxarılması təlimi keçirilib. Alimlərin əldə etdikləri bilik və bacarıqlar layihənin növbəti mərhələlərində rəqəmsal metodların daha effektiv tətbiqinə imkan yaradacaq.
Layihənin əsas məqsədi Qarabağın Dəmir dövrünə aid kurqanlarının və onların ətrafında yerləşən yaşayış yerlərinin Coğrafi İnformasiya Sistemləri (GIS) vasitəsilə öyrənilməsi və bu abidələrin rəqəmsal xəritələrinin hazırlanmasıdır. Bu yanaşma kurqanlar və yaşayış yerlərinin harada və hansı şəraitdə yerləşdiyini daha aydın göstərməyə, onların təbii mühitlə əlaqəsini anlamağa imkan verir. Eyni zamanda, bu məlumatlar gələcəkdə yeni arxeoloji abidələrin aşkarlana biləcəyi ərazilərin müəyyən olunmasına yardım edir.