Azərbaycan bu il də dünyanın ən nüfuzlu incəsənət platformalarından biri olan Venesiya Biennalesində öz zəngin mədəni kimliyini və müasir bədii düşüncəsini təqdim edir.
Mayın 7-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Beynəlxalq İncəsənət Sərgisi - Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub.
Trend xəbər verir ki, Azərbaycan pavilyonu Venesiyada XVI əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşir və bu dəfə Əməkdar rəssam Faiq Əhmədin “Diqqət” (The Attention) layihəsi ilə təmsil olunur. “Diqqət” müasir incəsənətin əhəmiyyətli beynəlxalq platformalarından birinə Azərbaycanın töhfəsidir. Pavilyonun mərkəzində rəssamın bədii təcrübəsində əsas və təkrarlanan element olan xalça təqdim edilir.
Pavilyon Azərbaycanın yalnız bədii-estetik dünyasını deyil, həm də onun fəlsəfi düşüncə ənənəsini, mədəni yaddaşını və müasir texnoloji baxışını qlobal auditoriyaya təqdim edir.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, Azərbaycanın artıq 19 ildir Venesiya Biennalesində uğurla təmsil olunması ölkəmizin beynəlxalq mədəniyyət siyasətinin mühüm nailiyyətlərindən biridir. O vurğulayıb ki, bu uğurun əsasında Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət dayanır. “Venesiya Biennalesi kimi prestijli platformada iştirak ölkəmizin zəngin mədəni irsini və müasir incəsənət potensialını beynəlxalq auditoriyaya çatdırmaq üçün nadir fürsətdir”, – deyə Anar Ələkbərov qeyd edib.
Venesiya Biennalesinin prezidenti Pyetrancelo Buttafuoko (Pietrangelo Buttafuoco) çıxışında Azərbaycan pavilyonunun yalnız incəsənət hadisəsi deyil, həm də dərin mənəvi-estetik təcrübə olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan xalçalarında əks olunan rənglər və işarələr vasitəsilə sənətin universal dili insanı daxili aləminə doğru yönəldir. P. Buttafuokonun sözlərinə görə, sənət insanlığın ortaq mənəvi ehtiyacıdır və bu gözəllik sərhədləri, dilləri və nəsilləri aşaraq xalqları birləşdirmək gücünə malikdir. O, Azərbaycanı Venesiya Biennalesinin ayrılmaz və mühüm tərəfdaşlarından biri kimi qiymətləndirib.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov vurğulayıb ki, milli pavilyon yalnız sənət nümunələrinin sərgiləndiyi məkan deyil, həm də Azərbaycanın ruhunu, tarixini və mədəni kimliyini dünyaya təqdim edən mühüm platformadır. Səfir bu layihənin beynəlxalq mədəni əməkdaşlıq və sivilizasiyalararası dialoq baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Azərbaycanın 61-ci Venesiya Biennalesindəki milli pavilyonunun kuratoru Qvendolin Kollaço (Gwendolyn Collaço) bu işdə əməyi olan hər kəsə təşəkkür edib və təqdim olunan layihədən danışıb.
“Diqqət” layihəsinin müəllifi, Əməkdar rəssam Faiq Əhməd müasir incəsənətdə özünəməxsus vizual dili ilə seçilən sənətkarlardandır. Onun yaradıcılığında əsas element kimi çıxış edən xalça bu dəfə də layihənin mərkəzi fəlsəfi rəmzinə çevrilib. Ənənəvi Azərbaycan xalça sənəti burada yalnız dekorativ element deyil, kollektiv yaddaşın, zamanın və insan şüurunun metaforası kimi təqdim olunur.