Hazırda Şuşada 20-dən çox tarixi abidə bərpa olunub, digərlərində isə tikinti və bərpa işləri davam etdirilir.
Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Şuşa şəhəri muzeylərlə iş şöbəsinin baş mütəxəssisi Fəridə Məmmədova deyib.
Onun sözlərinə görə, işğaldan əvvəl Şuşa şəhərində 300-ə yaxın tarixi abidə mövcud olub. İşğal dövründə həmin abidələrin böyük hissəsi tamamilə məhv edilib:
"Bərpa olunan tarixi abidələrdən biri də Mehmandarovlar malikanə kompleksidir. Kompleksə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. Malikanə Mirzə Əlibəy Mehmandarova məxsus olub. Mehmandarov, İbrahimxəlilxan vəPənahəli xanın dövründə mehmandar vəzifəsində çalışıb. Həmin dövrdə mehmandarlıq ən məsuliyyətli vəzifələrdən biri hesab olunurdu. Mehmandar xanın qonaqlarını qarşılamaq, yerləşdirmək və onların məktublarını xana çatdırmaq kimi mühüm işləri yerinə yetirirdi."
F.Məmmədova bildirib ki, Mirzə Əlibəy Mehmandarov yaşlandıqdan sonra xan tərəfindən o dövrdə yeni salınan məhəllələrin birində ona torpaq sahəsi bağışlanıb və o da həmin ərazidə öz malikanəsini inşa etdirib:
"Malikanə 1848-ci ildə Qarabağın məşhur memarı Karbalayi Safikhan Karabakhi tərəfindən tikilib. Malikanənin böyük yaşayış binası işğal dövründə ermənilər tərəfindən dağıdılıb. Hazırda qorunub saxlanılan kiçik yaşayış binası muzey kimi fəaliyyət göstərir. Muzeydə XIX əsr Qarabağ zadəganlarının interyeri mövzusunda ekspozisiyalar nümayiş etdirilir. Burada yaradılan atmosfer ziyarətçiləri həmin dövrə aparır, Qarabağ zadəgan ailələrinin məişətini və istifadə etdiyi əşyaları yaxından görməyə imkan yaradır".