Xankəndi şəhərində salınan Zəfər Parkı müasir memarlıq üslubu, rəmzi elementləri və geniş abadlıq işləri ilə diqqət çəkən mühüm layihələrdən biridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, park ərazisində inşa edilən Zəfər Tağı Vətən müharibəsində qazanılan Qələbənin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə inşa olunub.
Zəfər Parkının təməli 2025-ci il fevralın 19-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Həmin il dekabrın 24-də isə dövlət başçısı və birinci xanım Mehriban Əliyeva parkın açılış mərasimində iştirak ediblər. Parkın əsas memarlıq elementlərindən biri olan Zəfər tağı xüsusi rəmzi məna daşıyır. Tağa doğru aparan 44 pilləkən Vətən müharibəsinin günlərinin sayını ifadə edir. Pilləkənlərin mərkəzində yerləşdirilmiş lövhələrdə müharibənin gedişi, azad edilmiş yaşayış məntəqələri və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələri haqqında məlumatlar əks olunub.
Zəfər Tağının hündürlüyü də rəmzi olaraq 44 metr təşkil edir. Tikili 10 mərtəbədən və terrasdan ibarətdir. Terras hissəsində Zəfər Gününü simvolizə edən 8 rəqəmini əks etdirən konstruksiya quraşdırılıb. Doqquzuncu mərtəbədə isə “Zəfər qalereyası” adlı sərgi-nümayiş zalı yaradılıb.
Park ərazisində geniş yaşıllıq zonası salınıb, 15 mindən çox müxtəlif növ dekorativ gül kolları və ağaclar əkilib. Eyni zamanda, fəvvarələr qurulub, müasir işıqlandırma sistemləri və musiqi səsləndirilməsi üçün xüsusi avadanlıqlar quraşdırılıb. İnşaat prosesi zamanı mövcud ağacların qorunmasına da xüsusi diqqət yetirilib.
Zəfər Parkı Xankəndidə həyata keçirilən quruculuq və abadlıq işlərinin mühüm nümunələrindən biri olmaqla yanaşı, həm də Azərbaycanın tarixi Qələbəsinin rəmzi məkanlarından biri kimi önəm daşıyır.