“Fireland” Azərbaycanlılar Birliyi Brüssel şəhərində ənənəvi olaraq hər il keçirilən “Tervuren” festivalında Azərbaycan stendi ilə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun və Azərbaycanın Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə hazırlanan stenddə əcnəbilərə Azərbaycana aid müxtəlif mövzularda məlumatlar verilib.
Azərbaycan musiqi alətləri, musiqisi, tarixi abidələri, milli rəqsləri və milli geyimləri, eyni zamanda, “Fireland”ın Azərbaycan xalçalarına, musiqi alətləri olan tar, kamança və qavala aid ingilis və fransız dilində hazırladığı broşürlər festival iştirakçılarının marağına səbəb olub.
Stendin bir hissəsində isə Azərbaycan mətbəxi və içkiləri qonaqlara təqdim edilib. Samovar çayı, feyxoa, heyva və zoğal kompotları, o cümlədən Azərbaycan şərabları iştirakçıların stendə marağını daha da artırıb. İştirakçıların əksəriyyəti bu dadların onlar üçün yenilik olduğunu vurğulayıblar.
Qeyd edək ki, “Tervuren” festivalı hər il may ayında Brüssel şəhərində keçirilir. Festivalda Brüssel və ətrafındakı şəhərlərdən müxtəlif ictimai, mədəni və diaspora təşkilatlardan yüzlərlə stendlər quraşdırılır.
Artıq üç ildir ki, “Fireland” Azərbaycanlılar Birliyi bu festivalda Azərbaycan stendi ilə iştirak edir.