Musa Yaqubun nəvəsi: İnanıram ki, onun saf və duyğulu şeirləri həmişə yaşayacaq

İsmayıllıda Xalq şairi Musa Yaquba həsr olunmuş xatirə gecəsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl Musa Yaqubun həyat və yaradıcılığına həsr edilmiş sərgiyə baxış keçirilib. Sərgidə şairin müxtəlif illərdə çap olunmuş kitabları, yaradıcılığını əks etdirən materiallar, eləcə də müxtəlif rəssamlar tərəfindən çəkilmiş portretləri nümayiş etdirilib.

Xatirə gecəsində çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, Milli Məclisin deputatı Novruz Aslan, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Şəhriyar Soltan, şair Baba Vəziroğlu, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov və bədii qiraətçi Pünhan İsmayıllı Musa Yaqub yaradıcılığının Azərbaycan ədəbiyyatındakı mühüm yerindən danışıblar. Bildirilib ki, şairin poeziyasında dağların nəfəsi, kənd həyatının səmimiyyəti, insanın daxili aləmi və doğma torpağa bağlılıq xüsusi poetik dillə ifadə olunub.

Gecə bədii hissə ilə davam edib. Tədbirin ən yaddaqalan məqamlarından biri Xalq Teatrının Musa Yaqub yaradıcılığı əsasında hazırladığı “Kölgə” tamaşasının nümayişi olub.

Sonda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Nilufər Mursalıyeva çıxış edərək, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Daha sonra şairin nəvəsi Rüfət Qarazadə babasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını ifadə edib. “Bu gün nəinki Musa Yaqubun oxucuları, doğmaları və sevənləri, əslində hər kəs onu yaşadır, xatirəsini yad edir. İnanıram ki, bizdən sonrakı nəsillər də Musa Yaqub poeziyasını yaşadacaq. Onun bir nanə yarpağı kimi kövrək, saf və duyğulu şeirləri həmişə yaşayacaq”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub, 2021-ci il mayın 7-də vəfat edib. Şair yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında həyat yoldaşının məzarının yanında dəfn olunub.

Qeyd edək ki, ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində dərc olunan “İki qəlb, iki dünya” poeması ilə başlayan şair Azərbaycan poeziyasına dərin iz qoyan sənətkarlardan biri kimi tanınıb. Musa Yaqub Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Xalq şairi” fəxri adına layiq görülüb.

Gallery