İspan rəssamı: Azərbaycan xalçalarında məni həndəsi simvollardan ibarət bütöv bir kosmos heyrətləndirir - MÜSAHİBƏ

AZƏRTAC Münxendə yaşayan və fəaliyyət göstərən ispan rəssam və heykəltəraş Nani Boronatla növbəti dəfə həmsöhbət olub. Onun əsərləri İspaniya, Portuqaliya, Almaniya, Niderland, ABŞ və İsveçrənin nüfuzlu qalereya və muzeylərində nümayiş etdirilib. O, beynəlxalq rəsm müsabiqələrinin finalçısı olub, həmçinin İspaniyanın müxtəlif kilsələrində divar rəsmlərinin bərpasında iştirak edib.

2022-ci ildən etibarən Nani Boronat azərbaycanlı pianoçu Ülviyyə Abdullayeva ilə birlikdə “Əlhambradan Şirvanşahlara qədər” adlı unikal layihə həyata keçirir. Azərbaycan mədəniyyətini dərindən öyrənməyə maraq göstərən rəssam xüsusilə ənənəvi xalça sənətinə böyük maraq bəsləyir.

– Nani, Azərbaycan xalçalarına marağınız necə yarandı?

– “Keşikçilər” (“Centinelas”) adlandırdığım layihə üzərində iki il çalışmışam. Müasir incəsənət əsərinin sələfi kimi “qalxan” obyektinə diqqət yetirirdim. Məni maraqlandıran məqam bu düz səthin döyüşçülərin müdafiə vasitəsindən zamanla ev interyerinin dekorativ elementinə çevrilməsi idi. Migel de Servantes “Don Kixot” romanının ilk səhifələrində artıq istifadədən çıxmış orta əsr silahlarından bəhs edir və bu silahlar əsər boyu simvolik məna daşıyır.

Sonralar azərbaycanlı pianoçu Ülviyyə Abdullayeva ilə tanış oldum və tədricən onun ölkəsinin mədəniyyətinə heyran qaldım. Mənə uzaq görünən bu coğrafiyanın adət-ənənələri qarşıma zəngin tarixi, bədii, antropoloji və mistik məna daşıyan yeni bir qəhrəman — xalçanı çıxardı. Beləliklə, “xalça” obyekti mənim bədii yaradıcılığımda yeni başlanğıc nöqtəsinə çevrildi. Xüsusilə xalçaların dili — simvollar, formalar və rənglərlə zəngin, həndəsi abstraksiya naxışlarına əsaslanan estetik sistem məni valeh etdi.

– Azərbaycan xalçaları ilə tanışlıq zamanı hansı materiallardan istifadə etdiniz və kimlərlə ünsiyyət qurdunuz?

– Ülviyyə ilə tanışlıqdan sonra Azərbaycan mədəniyyəti estetik axtarışlarımın mühüm hissəsinə çevrildi. Münhendəki Azərbaycan Evində onun konsertində iştirak edərkən qurumun direktoru Səttar Kərimov mənə Azərbaycan mədəniyyətinə dair üç kitab hədiyyə etdi. Onlardan biri “Shirvan group” xalça məktəbinin kataloqu, digəri isə Bakı haqqında fotoalbom idi.

Həmin şəkillər mənə İspaniya şəhərlərini xatırladan küçələri və memarlıq nümunələrini göstərdi. Xüsusilə Şirvanşahlar Sarayının memarlığı mənə Qranadadakı Əlhambranı xatırlatdı. Elə həmin andan “Əlhambradan Şirvanşahlara qədər” adlı yeni estetik mərhələnin əsası qoyuldu.

Bir il ərzində bu kitabları, xüsusilə Şirvan xalçaları ilə bağlı materialları diqqətlə araşdırdım. 2025-ci ilin iyununda layihəmizi zənginləşdirmək məqsədilə Azərbaycana ilk səfərimdə Ülviyyəni müşayiət etdim. Layihədə rollarımızı da müəyyənləşdirdik: Ülviyyə musiqi ənənələri üzərində işləyirdi, mən isə plastik və ornamental məzmunla məşğul olurdum.

Bu səfər zamanı bizim üçün dəyərli mənbəyə çevrilən iki şəxslə tanış olduq. Onlardan biri bələdçi və Azərbaycan mədəniyyəti üzrə ekspert Fuad Axundov idi. O, bizi Bakı ilə tanış edərək tarix, mistisizm və antropologiyanı birləşdirən maraqlı ekskursiya keçirdi. Digəri isə İçərişəhərdəki “Azərxalça” mağazasının əməkdaşı Əsmər Babayeva idi. O, həmçinin bizi Heydər Əliyev Sarayında keçirilən Muğam Festivalına dəvət etdi.

Xüsusilə qeyd etmək istəyirəm ki, muğamla ilk tanışlığım mənim üçün mistik bir təcrübə oldu. Mən hiss etdim ki, flamenko ilə muğam arasında emosional və mənəvi yaxınlıq mövcuddur. Altı min kilometrlik məsafə gözlərini yumub muğamı dinləyərkən yox olurdu. Həmin an başa düşdüm ki, biz olduqca məsuliyyətli və dərin bir layihə üzərində çalışırıq.

– Azərbaycan xalçalarında sizi ən çox heyrətləndirən nədir?

– İlk növbədə, həndəsi simvollardan ibarət bütöv bir kosmos məni heyrətləndirir. İlk baxışdan sadə görünən bu ornamentlərə diqqətlə baxdıqda əsrlər boyu formalaşmış mürəkkəb abstraksiya sistemi üzə çıxır.

Bundan başqa, hər xalçada əks olunan antropoloji, mistik, teoloji və hətta sehrli məzmun çox təsirlidir. Xalça kimi gündəlik bir məişət predmetinin zamanla bəşəriyyətin universal sənət xəzinəsinə çevrilməsi mənə möcüzə kimi görünür.

 

– Ornamentlər, texnikalar və rəng palitrası baxımından İspaniyanın tətbiqi sənəti ilə oxşarlıqlar müşahidə etmisinizmi?

– İspaniyada “qobelen” adlandırdığımız qədim bir sənət məktəbi mövcuddur. Qobelenlər texnika və material baxımından xalçalara çox bənzəyir. Fərq ondadır ki, qobelenlər divardan asılmaq üçün hazırlanır, xalçalar isə döşəmə üçün nəzərdə tutulur.

Xalça insanın yaşadığı məkanı simvolizə edir və müxtəlif istiqamətlərdən müşahidə olunmaq üçün yaradılır. Qobelen isə ənənəvi rəsm əsəri kimi “üst” və “alt” anlayışına malikdir. Adətən saray və təbiət mənzərələri təsvir olunur.

Rəng palitrası baxımından da oxşarlıqlar çoxdur. Məsələn, İspaniyada “albero” adlanan torpaq mənşəli qırmızı və narıncı dəmir oksidləri orta əsrlərdə qalxanların və qala divarlarının bəzədilməsində istifadə edilirdi. Bu rənglər Azərbaycan xalçalarında istifadə olunan təbii piqmentlərlə çox yaxınlıq təşkil edir.

– Tədqiqatınızın sonunda hansı nəticəyə gəldiniz?

– Nəticədə ayrıca bir layihədən daha böyük bir ideya meydana çıxdı. Ülviyyə ilə biz bunu ömürlük yaradıcı macəra kimi qəbul edirik. Layihənin əsasını İberiya yarımadası ilə Xəzər sahilləri arasında qurulan mədəni körpü təşkil edir. Burada Qranadadakı Əlhamra Sarayı və Bakıdakı Şirvanşahlar Sarayı bir növ “keşikçi” rolunu oynayır.

Bəlkə də bu, iddialı səslənə bilər, amma biz anlayırıq ki, bu, həyatımızın ən mühüm bədii layihəsidir. Sanki bir-birimizlə tanış olmamışdan əvvəl də instinktiv şəkildə bu layihəyə doğru addımlayırmışıq.

Bu layihədə iki fərqli baxışı birləşdirməyə çalışırıq. Ülviyyə klassik musiqidən caz və flamenkoya qədər geniş repertuar üzərində işləyir, mən isə sərgi və vizual materialları hazırlayıram. Məqsədimiz musiqi ilə müşayiət olunan sərgi və ya şəkillərlə müşayiət olunan konsert yaratmaq deyil. Tamaşaçı bütün təqdimatı vahid sənət əsəri kimi qəbul etməlidir.

Ən vacibi isə odur ki, layihə artıq yaşayır və formalaşır. Musiqi, rəsm, heykəltəraşlıq və audiovizual materiallar baxımından yeni işlər əlavə olunmağa davam edir. Yaxın gələcəkdə disk-kataloq hazırlamaq üçün kifayət qədər materialımız olacaq. Bunun üçün isə sponsorlar və müxtəlif qurumlarla əməkdaşlıq qurmağa çalışırıq.