Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub (VİDEO)

28 May - Müstəqillik Günü münasibətilə Meksika Deputatlar Palatasının və Azərbaycan Republikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin təşkilatçılığı ilə Meksikanın tarixi San Lazaro Qanunvericilik Sarayında təntənəli konsert proqramı təşkil olunub.

Trend xəbər verir ki, tədbirdə Meksika hökumətinin üzvləri, parlament nümayəndələri, diplomatik korpusun rəhbərləri və üzvləri, işgüzar, akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmçinin Azərbaycanın dostları və diasporunun üzvləri iştirak edib.

Konsertdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünü vurğulayıb, Azərbaycanın müsəlman Şərqində ilk dünyəvi, parlamentli və demokratik respublika olduğunu qeyd edib.

Çıxışda Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə milli dövlətçilik tarixində mühüm əsaslar formalaşdırdığı, qadınlara seçki hüququnun verilməsi, parlament idarəetmə sisteminin yaradılması və demokratik islahatların həyata keçirilməsinin ölkənin dövlətçilik tarixində əlamətdar mərhələ olduğu bildirilib.

Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və müasir Azərbaycanın inkişafındakı tarixi rolu xüsusi vurğulanıb.

Tədbirdə Azərbaycan ilə Ermənistan arasında postmünaqişə dövründə sülh və əməkdaşlıq istiqamətində atılan addımlara toxunulub, Azərbaycanın Avrasiya məkanında strateji nəqliyyat və enerji körpüsü kimi əhəmiyyəti diqqətə çatdırılıb.

Çıxışda Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətindən söz açılıb, Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) uğurla təşkil olunduğu, Meksikanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasından məmnunluq ifadə edilib, Meksikanın WUF14-ə ev sahibliyini qəbul etməsinin Azərbaycan–Meksika əməkdaşlığının inkişafına yeni töhfələr verəcəyi bildirilib.

Çıxışda Azərbaycan–Meksika münasibətlərinin son dövrlərda dinamik inkişaf etdiyi, parlamentlərarası əməkdaşlığın, qarşılıqlı səfərlərin və humanitar əlaqələrin genişləndiyi qeyd olunub. Meksika Deputatlar Palatasında Meksika–Azərbaycan Dostluq Qrupunun fəaliyyətinin münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Sonda Azərbaycan və Meksika xalqları arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib.

Daha sonra tədbirdə əsas qonaq qismində çıxış edən Meksika xarici işlər nazirinin müavini xanım Mariya Teresa Merkado Perez ilk öncə tədbirə dəvətə görə Azərbaycan səfirinə təşəkkürünü bildirib, Meksika Xarici İşlər Nazirliyi adından Azərbaycan xalqına və hökumətinə Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərini çatdırıb. Coğrafi uzaqlığa baxmayaraq bu gün bir birinə yaxın olan iki xalqın dostluğunun qeyd edildiyini bildirib.

Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın qədim dövrlərdən bəri sivilizasiyalar arasında mühüm körpü rolunu oynadığını vurğulayan nazir müavini, ölkəmizin fərqli mədəniyyətləri, dilləri və ticarət yollarını birləşdirməsinin Meksika tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O qeyd edib ki, hər iki ölkə mədəniyyətlərarası dialoqun, əməkdaşlığın və beynəlxalq səviyyədə sülhün təşviqinə mühüm töhfə verir.

Nazir müavini həmçinin vurğulayıb ki, Meksika və Azərbaycanı birləşdirən əsas dəyərlərdən biri suverenliyə, milli kimliyə və xalqların ləyaqətinə olan dərin hörmətdir.

Meksika ilə Azərbaycan arasında münasibətlərin nisbətən gənc olmasına baxmayaraq diplomatik səylər və siyasi iradə sayəsində zamanla müxtəlif sahələrdə inkişaf etdiyini və daha da zənginləşdiyini bildirib.

Hər iki ölkənin BMT kimi çoxtərəfli platformalarda beynəlxalq hüquqa hörmət, mübahisələrin dinc yolla həlli və suveren dövlətlər arasında əməkdaşlıq kimi əsas prinsipləri müdafiə edərək ortaq mövqe nümayiş etdirdiyini di qqətə çatdırıb.