1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Berlində Özbəkistanın Almaniyadakı səfirliyinin təşəbbüsü və “Sanat” – İncəsənət, Mədəniyyət və Elm Forumunun dəstəyi ilə “Dünya uşaqların gözü ilə” adlı beynəlxalq uşaq incəsənət sərgisi və mədəniyyət festivalı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi Berlində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evi təmsil edib.
Layihənin məqsədi uşaqların yaradıcı potensialını təşviq etmək, mədəniyyətlərarası dialoqu gücləndirmək, tolerantlıq və qarşılıqlı hörmət dəyərlərini təbliğ etmək, həmçinin xalqlar arasında dostluq münasibətlərinin inkişafına töhfə vermək olub.
İncəsənət sərgisində uşaqların 250-dək rəsm və əl işi nümayiş etdirilib. Ekspozisiyada Özbəkistandan gətirilmiş 50-dən çox əsər də yer alıb.
Özbəkistanın Almaniyadakı səfiri Dilşod Axatov çıxış edərək bildirib ki, sərgi uşaqların dünyanı necə gördüklərini nümayiş etdirməklə yanaşı, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət edir. Vurğulanıb ki, uşaqların əl işlərini, bacarıqlarını bir araya gətirən layihə incəsənətin birləşdirici gücünü nümayiş etdirir. İncəsənət müxtəlif dillərdə danışan insanları yaxınlaşdırır, qarşılıqlı hörmət hissini gücləndirir və xalqlar arasında dostluğu möhkəmləndirir. Səfir uşaqların yaradıcılığının gələcək nəsillər arasında etimad və əməkdaşlıq körpüsü yaratdığını da qeyd edib.
“Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri çıxışında uşaqların yaradıcılığının və mədəni inkişafının dəstəklənməsinin cəmiyyətin ümumi məsuliyyəti olduğunu bildirib. O qeyd edib ki, belə tədbirlər uşaqlara istedadlarını nümayiş etdirmək, müxtəlif xalqların mədəniyyətlərini yaxından tanımaq və dostluq əlaqələri qurmaq imkanı yaradır. Birgə təşəbbüslər göstərir ki, mədəniyyət insanlar arasında ən möhkəm körpülərdən biridir.
“Sanat” - İncəsənət, Mədəniyyət və Elm Forumunun İdarə Heyətinin sədri Zuxra Raxmatova və digər çıxış edənlər uşaqların inkişafına, bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılmasına xidmət edən belə layihələrin cəmiyyət üçün əhəmiyyətini vurğulayıblar. Eləcə də sevgi, diqqət və qayğının gələcək nəslin formalaşmasında mühüm rolu qeyd edilib, belə təşəbbüslərin uşaqların yaradıcı inkişafına və mədəniyyətlərarası ünsiyyətə mühüm töhfə verdiyi bildirilib.
Çıxışlardan sonra festivalın mədəni proqramı təqdim olunub.
Tədbir çərçivəsində uşaqlar və ailələr üçün müxtəlif yaradıcılıq emalatxanaları təşkil edilib. Balacalar rəsm çəkib, gil ilə işləyib, çiçək çələngləri hazırlayıb, müxtəlif tətbiqi sənət növləri ilə tanış olublar. Bundan başqa, müxtəlif xalqların milli rəqs nümunələri təqdim olunub. “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən “Ritm” rəqs qrupunun balaca üzvləri də çıxış ediblər. Onların təqdim etdikləri “Nəlbəki” milli rəqsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və sürəkli alqışlarla müşayiət olunub. Balaca rəqqasların ifasında təqdim olunan bu rəqs nömrəsi Azərbaycan mədəniyyətinin zənginliyini və milli rəqs ənənələrinin özünəməxsusluğunu nümayiş etdirib.
Festival çərçivəsində, həmçinin Azərbaycan və Özbəkistanın tarixi-mədəni irsinə dair nəşrlər nümayiş olunub. Sərgi və mədəni proqram iştirakçılara hər iki ölkənin mədəni dəyərləri, adət-ənənələri və incəsənəti ilə yaxından tanış olmaq imkanı yaradıb.
Tədbirin sonunda qonaqlara özbək milli mətbəxinin nümunələri təqdim edilib.
Uşaqların dünyaya baxışını, arzularını, hisslərini və yaradıcılıq təxəyyülünü əks etdirən mədəni tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, layihə mədəniyyətlərarası dialoq və dostluğun təşviqi baxımından yüksək qiymətləndirilib.