Mədinə Həşimli: Bu mükafatına layiq görülmək böyük sevincdir
“International Design Awards” (IDA) beynəlxalq mükafatının “Print / Posters” kateqoriyasında gümüş mükafata layiq görülmək böyük sevincdir. Los-Ancelesdə təsis edilən nüfuzlu “International Design Awards” mükafatı dünyanın müxtəlif ölkələrindən yaradıcı insanları bir araya gətirir, memarlıq, interyer, məhsul, qrafik və moda dizaynı sahələrində ən yaxşı layihələri qiymətləndirir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanlı dizayner Mədinə Həşimli deyib.
O qeyd edib ki, bu il qaliblər 70-dən çox ölkədən təqdim olunan işlər arasından beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.
“Nature Doesn’t Grow on Lies” (“Təbiət yalan sevmir”) adlı işim yüksək icra keyfiyyəti, orijinal ideyası və aktual sosial mesajına görə qiymətləndirilib. Posterin konsepsiyasının əsasını uşaqlıqdan hamıya yaxşı tanış olan taxta kukla obrazları - Pinokkio və Buratino haqqında hekayələrin yeni baxışla təqdim olunması təşkil edir. Yaratdığı əsərdə Pinokkionun yalan danışanda burnunun uzanması ilə bağlı nağıl motivini real dünya ilə müqayisə etdim: təbiət illüziyalarla inkişaf edə bilməz, onun yaşaması üçün qayğı, məsuliyyət və qorunma lazımdır. Bu ideya vizual olaraq taxta personajın uzun burnunun yeni yarpaqlar açan incə budağa çevrilməsi ilə əks olunub. Bu detal ümidin, həyatın və həqiqi inkişafın simvolu kimi təqdim edilir. İllüstrasiya tam şəkildə əl işi olaraq rəqəmsal formatda Procreate proqramından istifadə edilməklə hazırlanıb”,-deyə M.Həşimli əlavə edib.
Qeyd edək ki, Mədinə Həşimli 2021-ci ildə Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib, 2023-cü ildə Bakı Dizayn Akademiyasının “Müasir qrafik dizayn” ixtisası üzrə fəxri məzunu olub. Hazırda “NARGIS” Fondunda qrafik dizayner və illüstrator kimi fəaliyyət göstərir.
Xatırladaq ki, “International Design Awards” mükafatı 2007-ci ildə “Farmani Group” tərəfindən təsis edilmiş nüfuzlu illik beynəlxalq mükafatdır. Mükafat beş əsas istiqamətdə - memarlıq, interyer dizaynı, qrafik dizayn, moda dizaynı və sənaye (məhsul) dizaynı sahələrində istedadlı gənclərin aşkar edilməsi, tanınması və təşviq edilməsi məqsədi daşıyır. Əsas məqsədi gündəlik həyatı yaxşılaşdıran və innovativ yanaşmanı nümayiş etdirən konseptual və həyata keçirilmiş layihələri ön plana çıxarmaqdır. İştirakçıların işləri nüfuzlu münsiflər heyəti - ekspertlər, memarlar və ixtisaslaşmış nəşrlərin redaktorları tərəfindən dörd əsas meyar üzrə qiymətləndirilir: orijinallıq, funksionallıq, innovativlik və estetika. Qaliblər qızıl, gümüş və ya bürünc sertifikatlarla təltif olunurlar.