Türkiyənin Amasya şəhərində Atatürk Beynəlxalq Mədəniyyət və Sənət Festivalı çərçivəsində “Azərbaycan İncəsənəti göstərisi” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Amasya Valiliyinin və Bələdiyyəsinin, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Amasya Azərbaycan Dostluq Dərnəyinin birgə təşkilatçılığı ilə reallaşdırılan tədbir şəhərin mərkəzində yerləşən Yavuz Səlim meydanında baş tutub.
Azərbaycanın Milli Qurtuluş gününə həsr olunan tədbirdə şəhər valisi Önder Bakan, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, amasyalı millət vəkilləri, yerli hakimiyyət təmsilçiləri, ictimaiyyət nümayəndələri, festival iştirakçıları, yerli azərbaycanlılar iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan -Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətləri, 15 İyun Milli Qurtuluş Günü haqqında danışaraq, Amasyanın qədim Anadolu şəhəri olmaqla ortaq tariximizin, mədəniyyətimizin və qardaşlığımızın dərin izlərini daşıyan önəmli məkan olduğunu bildiriblər. XII əsrdə Azərbaycan torpaqlarından gələrək Amasyanın fəthində mühüm rol oynayan Türk-Azərbaycan əsilli sərkərdə Gümüştəkin Əhməd Qazinin bu şəhəri Anadolu türklüyünün və Türk-İslam mədəniyyətinə qazandırdığını qeyd ediblər.
Amasyanın Mərkəzi meydanında keçirilən konsert proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram tamaşaçılara təqdim edilib.
Proqram çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblı tərəfindən milli rəqslərimiz “Uzundərə”, “Ay Ləli yar” və başqa rəqslərimiz ifa olunub.
Azərbaycanlı ifaçı Müşviq Əliyev, opera müğənnisi Fidan Hüseynova, habelə “Azərbaycan Rüzgarı” folklor qrupunun ifasında səsləndirilən Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də milli musiqi nümunələri tədbir iştirakçılarında xoş təəssürat yaradıb.
Qeyd edək ki, şəhərdə Atatürk Beynəlxalq Mədəniyyət və Sənət Günləri çərçivəsində festival iştirakçılarının turist avtobusları ilə şəhər turu - paradı keçirilib. Azərbaycan sənətçiləri də bayraqlarımızla, Azərbaycan-Türkiyə qardaşlığı musiqisinin müşayiəti ilə şəhər gəzintisində iştirak ediblər.