Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Bu gün AZƏRTAC-ın qonağı Qazaxıstanda yaşayan, öz əl işlərində Azərbaycan və qazax bədii ənənələrini birləşdirən, Şəki rayonundan olan gənc və istedadlı azərbaycanlı usta Orxan Abbasovdur.

- Orxan bəy, əvvəlcə Qazaxıstana necə gəldiyiniz barədə danışardınız. Buradakı fəaliyyətiniz necə başladı?

- Qazaxıstana rəsmi dəvətlə gəlmişəm. 2025-ci ilin fevral ayında müqavilə əsasında Qazaxıstanın Türkistan şəhərinə gəldim və bir ildən çox orada fəaliyyət göstərdim. Müqavilə müddətim başa çatdıqdan sonra Almatı şəhərinə köçdüm. Artıq Almatıdayam və burada müstəqil olaraq öz sənətimlə məşğul oluram.

- Bu sənətə marağınız necə yarandı? Bu, ailə ənənəsidir, yoxsa şəxsi həvəsinizdən irəli gəlir?

- Ailədə bu işlə məşğul olan mənəm. Bu sənətə marağımın yaranmasında və formalaşmasında müəllimlərimin rolu çox böyük olub. Mən əvvəl Şəki şəhərindəki “ABAD” Keramika Mərkəzində çalışmışam. İnsanın öz əlləri ilə palçıqdan istədiyi əşyanı - məsələn, bir fincanı hazırlaya bilməsi, ona öz şəxsi əl işi kimi yanaşması və ondan istifadə etməsi çox gözəl bir duyğudur. Beləcə, məndə bu sənətə böyük həvəs yarandı.

- Əsasən nələr hazırlayırsınız?

- Mən dulusçuluqla məşğulam. Əsasən fincanlar, müxtəlif ölçülü vazalar, qablar hazırlayıram. Hazırladığım məmulatlar arasında Qazaxıstanın milli motivlərini əks etdirən saxsı qablar xüsusi yer tutur. Məsələn, burada “tayqazan” adlanan ənənəvi qazan formasında suvenirlər, qımız içmək üçün istifadə edilən piyalələr və qablar, eləcə də Almatı və Türkistan şəhərlərinin milli motivlərinə aid suvenirlər, maqnitlər hazırlayıram.

- Bəs əsərlərinizdə Azərbaycan mədəniyyəti, Şərq motivləri nə dərəcədə əks olunur?

- Əl işlərimdə Azərbaycan ənənələri ilə qazax naxışlarının, ornamentlərinin birləşdirilməsinə geniş yer verirəm. Bu, həm naxışlarda, həm də işlənmə qaydasında özünü büruzə verir. Hər xalqın özünəməxsus işləmə üslubu var və bu fərqlilik dərhal hiss olunur. Yerli qazax sənətkarları da mənə tez-tez deyirlər ki, “sizin əl işləriniz bizimkilərdən seçilir, fərqlənir”.

Bizim adət-ənənələrimiz, məişətimiz bir-birinə çox bənzəyir. Mən öz əl işlərimdə, məsələn, vazaların hazırlanmasında südlə bişirmə texnikasından istifadə edirəm. Bu texnika Qazaxıstanda çox geniş yayılıb. Bu üsulu Azərbaycanın milli naxışları ilə sintez edəndə ortaya çox maraqlı və unikal əsərlər çıxır. Sifarişçilər bu işlərə böyük maraq göstərirlər və mən hər kəsə bu naxışların mənasını məmnuniyyətlə izah edirəm.

- Qazaxıstanlılar sizin əl işlərinizə necə münasibət göstərirlər? Burada əl işi məmulatlarına maraq hiss olunurmu?

- Burada əl işlərinə çox isti və səmimi münasibət var. Bizim işləmə prinsipimiz yerli üslubdan bir az fərqli olduğu üçün insanlarda daha çox maraq doğurur. Əl işlərinə tələbat və istək kifayət qədər yüksəkdir, xüsusən də milli etnik üslubda olan işlərə üstünlük verilir. Hazırda yarmarkalar və festivallar mövsümü başladığı üçün və qarşıda hələ 4-5 ay belə tədbirlər keçiriləcəyi üçün sifarişlərimiz çoxdur. Qazaxıstanın milli üslubu ilə yanaşı, bəzən sırf Azərbaycan milli üslubunda da əl işləri sifariş verirlər.

- Gələcəkdə ustad dərsləri keçirməyi, yaxud hər iki ölkənin sənətkarları arasında birgə layihələr reallaşdırmağı planlaşdırırsınızmı?

- Bəli, gələcəklə bağlı planlarım çoxdur. Qazaxıstandakı fəaliyyətim bitdikdən sonra Azərbaycana qayıdacağam. Burada qazandığım təcrübəni və sənətin incəliklərini ölkəmizdə tətbiq etmək istəyirəm.

Bu, yerli sənətkarlarla bizim aramızda çox gözəl bir təcrübə və fikir mübadiləsi oldu - mən onlardan öyrəndim, onlar məndən. Azərbaycanda ustad dərsləri keçməyi, gənc nəslə dulusçuluq sənətini öyrətməyi, bu sənətin nə dərəcədə qürurverici və əhəmiyyətli olduğunu onlara aşılamağı planlaşdırıram.

Qazaxıstana gəldikdə isə, bura yenidən qayıtmaq istəyirəm. Yerli sənətkarlarla birlikdə burada böyük bir keramika mərkəzi açmağı düşünürük. Onların da bizimlə birgə işləməyə, fəaliyyət göstərməyə böyük istəyi var. İnanıram ki, gələcəkdə hər iki ölkənin sənətini birləşdirən gözəl bir layihəyə imza ata biləcəyik.