Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasından 126 il ötür

 

Həyatının 50 ilini Azərbaycan teatr sənətinə həsr edən Möhsün Sənani səhnəmizin görkəmli və məşhur artistlərindən biridir. Onun adı gələndə hər kəsin üzündə sevinc duyulur, təbəssüm görünür. Aktyorun repertuarı zəngin və mürəkkəbdir. Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc nəslə daim qayğı ilə yanaşması olub. Sənani aktyora çox vacib olan hər cür qabiliyyətə - oxumaq, oynamaq, çalmaq bacarığına malik idi. “Sənani” onun təxəllüsüdür. Onun əsl soyadı Cəfərovdur.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan teatr və kinosunun korifey sənətkarı, Xalq artisti Möhsün Sənaninin anadan olmasından 126 il ötür.

1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və başqaları Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və başqalarının adını çəkə bilərik. Möhsün Sənani onların arasında ən gənc aktyor idi.

Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılıb. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır, 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yaddaqalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan "Səbuhi", "O olmasın, bu olsun", "Sehrli xalat" və s. filmləri qeyd etmək kifayətdir.

Əlli il ərzində bir gün də olsun səhnədən ayrılmayan Möhsün Sənani qədirbilən xalqımızın sevilən və məşhur sənətkarıdır. Onun zəngin səhnə təcrübəsini, yaradıcılıq xüsusiyyətlərini öyrənmək bizim gənc aktyor və kino sənətkarlarımız üçün maraqlı olduğu qədər də səmərəlidir.