İslamın sadəcə din deyil, bir mədəniyyət və elmi təbliğ edən inanc olduğu danılmazdır. İslam dininə xidmət edən müxtəlif xalqlar bu mədəniyyəti əsrlər boyu yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırmaq üçün fərqli üsullardan istifadə ediblər. İstanbulda bu dəyərlərinin nümayiş olunduğu, islam mədəniyyətini özündə əks etdirən eksponatlardan ibarət muzey fəaliyyət göstərir.
AZƏRTAC-ın xüsusi müxbiri İstanbuldakı sözügedən İslam Sivilizasiyaları Muzeyində olub, hazırladığı materialı oxucularla bölüşür.
İslam dəyərlər sisteminin formalaşdırdığı fikir, elm və sənət çərçivəsində inşa edilən İslam sivilizasiyası əsrlər boyu dünya miqyasında təsir gücünə malik qurumlar və möhtəşəm tarixi irs yaradıb.
Türkiyə min ildən artıq davam edən Səlcuqlu və Osmanlı dövrlərinin də təsiri ilə qədim İslam sivilizasiyasının meydana gətirdiyi əsərlər baxımından olduqca zəngin bir mövqeyə malikdir. Bu gün Anadolunun hər bir guşəsində rast gəlinən möhtəşəm İslam memarlığı nümunələri ilə yanaşı, Türk-İslam təcrübəsinin məhsulu olan qurumlar da İslam sivilizasiyasının ölkədə kök salmasına şərait yaradıb. Əsrlərlə formalaşan mədəniyyət və incəsənət əsərləri, başda İstanbul olmaqla, ölkənin bir çox şəhərində Osmanlı irsi kimi günümüzə qədər gəlib çatıb.
Ölkə muzeylərinin ziyarətə açıq məkanları ilə yanaşı, anbarlarında da İslam sivilizasiyasına aid minlərlə əsər yerli və xarici ziyarətçilərlə görüşməyi gözləyir. İslam Sivilizasiyaları Muzeyi də müasir muzeyçilik texnikaları və texnologiyanın birgə istifadəsi ilə bu zəngin İslam irsinin daha geniş ictimaiyyətə təqdim olunması məqsədilə yaradılıb.
2019-cu ildə İstanbulun və Türkiyənin ən böyük məscidi kimi istifadəyə verilən Böyük Çamlıca Caminin ərazisində yerləşən bu muzey müasir memarlığı və sərgilənən zəngin kolleksiyaları ilə çox geniş tarixi irsi ziyarətçilərə təqdim edir.
Burada müasir muzeyçilik üsullarından istifadə edilərək rəqəmsal layihələr də hazırlanıb. Beləliklə, ziyarətçilərin İslam sivilizasiyasını yalnız görərək deyil, interaktiv təcrübələr yaşayaraq tanımaları hədəflənib. Burada Allahın “Hayy” (Əbədi Dirilik Sahibi) ismindən ilham alınaraq hazırlanan, 2 dəqiqə 17 saniyəlik “Ab-ı Həyat” instalyasiyasında ayələr vasitəsilə suyun gücü və həyatımızdakı rolu izah edilib, xüsusi səs stansiyalarında isə türk musiqi məqamlarının xəstəliklərin müalicəsində istifadəsinə dair nümunələr təqdim olunub.
Əsasən 15 tematik bölmə altında təşkil olunan İslam Sivilizasiyaları Muzeyində VII əsrdən XIX əsrə qədər olan dövrə aid 600-dən çox əsər sərgilənir. Bu əsərlər ölkənin ən qiymətli 6 muzeyindən – Topqapı Sarayı, Saray Kolleksiyaları, İstanbul Arxeologiya, İstanbul Türbələr, Vəqflər və Türk və İslam Əsərləri muzeylərindən xüsusi diqqətlə seçilib.
Muzeyin ilk bölməsində Məhəmməd Peyğəmbər dövründən başlayaraq ilk məbədimiz olan Kəbəyə və İslamın ilk dövrlərinə aid əsərlər nümayiş etdirilir. İslam sivilizasiyasının elm və texnika sahələrində yaratdığı nailiyyətlərin, eləcə də İslam memarlığının nümunələrinin təqdim olunduğu bölmələrdən sonra “Qurani-Kərim”ə həsr olunan xüsusi bir bölmə yer alır. İslam dünyasının müxtəlif dövrlərinə aid olan və hər biri sənət əsəri sayılan “Qurani-Kərim” nüsxələri bu bölmədə sərgilənir.
İslam sənətinin ən qədim nümunələri arasında qiymətləndirilən Şam Sənədləri (Şam Evrakı) arasından seçilən sənədlər və vərəqlər İslam Sivilizasiyaları Muzeyinin xüsusi bölmələrindən birini təşkil edir.
Muzeydə İslam dövründə müxtəlif ölkələrdə istifadə olunan sikkələrlə yanaşı, müsəlmanların fəthlər zamanı istifadə etdikləri xüsusi silah kolleksiyası da ziyarətçilərə təqdim olunur.
Muzeydə, xüsusilə Osmanlı dövründə müqəddəs əmanətlərin qorunması üçün hazırlanan mühafizə qutuları, müxtəlif geyimlər, o cümlədən tilsimli köynəklər bölmələri vasitəsilə İslam sivilizasiyasının müxtəlif tərəfləri nümayiş etdirilir.
İslam sənətində mühüm yer tutan ənənəvi sənətlərimizdən xəttatlıq, təzhib və ebru sahələrinə aid şah əsərlərin nümayiş olunduğu Hüsn-i Xətt bölməsi və türk çini sənətinə həsr olunan bölmədən sonra, fərmanlar, beratlar və türk toxuculuq sənətinə aid kolleksiyalarla İslam Sivilizasiyaları Muzeyinin ekspozisiyası tamamlanır.
2022-ci ildə fəaliyyətə başlayan bu muzeydə yaradılan “Türk toxuculuq sənəti”, “Həzrəti Məhəmməd Peyğəmbərə (s) aid edilən əsərlər”, ”İslam sənətində memarlıq və dekorativ amillər”, ”İlk Məbəd Kəbə”, “Şam Sənədləri (Şam Evrakı)”, ”Qurani-Kərim və onun mühafizə qutuları”, “İslamda elm”, “Beratlar və fərmanlar”, ”Hüsn-i Xətt”, “Tilsimli köynəklər”, “Osmanlıda geyim mədəniyyəti”, “Dəsmal ənənəsi və sandıq örtükləri”, “İslamda fəthlər”, “Türk çini sənəti” və “İslami sikkələr” bölmələri ildə təxminən beş milyondan artıq insan tərəfindən ziyarət edilir.