Ankarada fəaliyyət göstərən “Səda” musiqi kursları Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verməyə çalışır. Hazırda Türk dünyasının mədəniyyətinə həsr olunmuş müxtəlif layihələr həyata keçiririk, milli və beynəlxalq proqramlarda iştirak edirik.
Bu barədə AZƏRTAC-a “Səda” kurslarının təsisçisi və rəhbəri Aytən Rəhimova bildirib. Onun sözlərinə görə, “Səda” kursları Türkiyə paytaxtında 2022-ci il sentyabrın 17-dən fəaliyyət göstərir və qısa bir zamanda Ankara musiqisevərləri arasında populyarlıq qazanıb.
“Kurslar çərçivəsində musiqisevərlərin müxtəlif yaş qrupları üçün fortepiano, kamança, skripka, gitara, ud, fleyta və digər alətlər üzrə şöbələr fəaliyyət göstərir. Burada vokal sinfi də var. Tədris prosesi nəzəri hissəni və solfecionu özündə birləşdirən müasir sürətləndirilmiş metodika əsasında aparılır”, - deyə o qeyd edib.
Bundan başqa, kurslar çərçivəsində konservatoriyaya, universitetlərin musiqi fakültələrinə və s. qəbul olmaq istəyənlər üçün hazırlıq proqramı təşkil olunub. Milli rəqslər qrupu da fəaliyyət göstərir: “Əsas məqsədim Azərbaycanda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin təhsil modelini Türkiyədə tətbiq etmək və bu sistemi fəal şəkildə inkişaf etdirməkdir. Biz bu istiqamətdə həm təhsil, həm də mədəni fəaliyyəti genişləndiririk”.
“Səda” kurslarının rəhbəri tələbələrin ilk konsertinin 2023-cü ilin dekabrında, sonrakı konsertinin isə 2024-cü ilin iyununda uğurla keçirildiyini və Ankara musiqisevərləri arasında geniş marağa səbəb olduğunu bildirib.
“Təsadüfi deyil ki, sonra bizi Qastronomiya Festivalı və Afyonkarahisar əyalətində keçirilən qala gecəsi də daxil olmaqla müxtəlif tədbirlərə dəvət etməyə başladılar. “Səda” musiqi kurslarının tələbələri, həmçinin Ankarada keçirilmiş X Türk Dünyası Sənədli Filmlər Festivalının mükafatlandırma mərasimində çıxış ediblər ki, bu da missiyamızın tanınmasının təsdiqi və gənc istedadlar üçün qürur mənbəyi oldu”, - deyə A.Rəhimova vurğulayıb.
O, ötən ilin noyabr ayında Antalyaya dəvətə görə Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun təşkilatçılarına (Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi - red.) minnətdarlığını bildirib. Orada Azərbaycan irsinin beynəlxalq səviyyədə təbliğinə yönəlmiş genişmiqyaslı tədbir keçirilmişdi.
Nəhayət, bu il iyunun 12-də Ankarada “Səda” musiqi kurslarının akademik konserti olub, konsert çərçivəsində Azərbaycan xalq rəqsləri də nümayiş edilib.
“Musiqi xalqlar və nəsillər arasındakı sərhədləri aradan qaldırır. Məqsədimiz Türkiyə və Azərbaycanın ortaq mədəni irsini daha da gücləndirməkdir”, - deyən müsahibimiz tədris proqramına Tofiq Quliyev, Səid Rüstəmov və digər Azərbaycan bəstəkarlarının əsərlərinin daxil olduğunu qeyd edib.