Viktoriya Lizunova: Festival çərçivəsində Qız Qalasının ətrafında ustad dərsləri təşkil olunub

Bakıda ilk dəfə həm tanqo, həm də Argentina folklor rəqslərini təqdim etdik. Festival çərçivəsində şəhərin mərkəzində, o cümlədən Qız Qalasının ətrafında ustad dərsləri təşkil olunub. Mən festivala Rusiyadan gəlmişəm və həyat yoldaşım Xesus Qorqona ilə birlikdə çıxış etdim.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Argentina folklorunu təmsil edən Viktoriya Lizunova deyib. Onun sözlərinə görə, ustad dərslərində turistlər və yerli sakinlər ödənişsiz iştirak edərək rəqs bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

“Tədbir yüksək səviyyədə təşkil olunub. Festivalda Argentinadan gələn dünya çempionları, tanınmış maestro və sənətkarlar iştirak edirlər. Bakı öz gözəlliyi ilə yanaşı, yüksək inkişaf səviyyəsi, təmizliyi və qonaqpərvərliyi ilə də diqqət çəkir. Azərbaycan mətbəxi də bizi heyran etdi. Burada göstərilən səmimi münasibət və qonaqpərvərlikdən çox məmnunuq”, – deyə V.Lizunova əlavə edib.