Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda keçirilən “Çin mədəniyyəti” yay onlayn lektoriyası çərçivəsində institutun direktoru Rafiq Abbasov “Çin Kommunist Partiyasının tarixi incəsənətdə” mövzusunda mühazirə oxuyub. Mühazirə Çin Kommunist Partiyasının (ÇKP) yaradılmasının 105 illiyinə həsr olunub.
Bu barədə AZƏRTAC-a ADU-nun Konfutsi İnstitutundan məlumat verilib.
Çin inqilabi-tarixi rəngkarlığının təşəkkülü və inkişafından danışan R.Abbasov qeyd edib ki, Çin təsviri sənətindəki bu cərəyanın əsas motivi Çin xalqının inqilabi-vətənpərvərlik mübarizəsi, ÇKP-nin aparıcı rolunun və ölkənin inqilabi tarixində görkəmli partiya liderlərinin fəaliyyətinin əksidir.
R. Abbasov xüsusilə ÇKP-nin yaradılması, mübarizə tarixi və mühüm inqilabi-tarixi hadisələrlə əlaqəli konkret yerlərin, obrazların təsviri kimi yüksək bədii dəyərə malik inqilabi-tarixi əsərlər mövzularına diqqət yetirib. O, həmçinin partiyanın tarixini təmsil edən əsərlərin, məsələn, Ay Çjonqsinin “Mao Tszedun 1920-ci ildə Xunan əyalətində marksist qrupunu təşkil edir”, Cianq Çjaohenin “Başlanğıc”, Xu Houzhenqin “Partiya qayığı buradan yelkən açır”, Donq Sivenin “Çin Xalq Respublikasının elan edilməsi mərasimi” və digər əsərlərin bədii xüsusiyyətlərindən danışıb.
Sonda “Partiyanın yaradılması” tarixi filmi nümayiş etdirilib.